"Azərbaycan xalqının əksəriyyəti Ərdoğanın yenidən prezident seçilməsini istəyir"
“Türkiyədə qarşıdan prezident və parlament seçkiləri gəlir. “Dəhşətli zəlzələ bu seçkilərə necə təsir edə bilər?” kimi suallar da hazırda çox ciddi müzakirə olunur. Azərbaycan xalqının mütləq əksəriyyəti cənab Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsini istəyir. Azərbaycan xalqının Türkiyədə keçirilən seçkilərdə hüquqi baxımdan iştirak etmək imkanı olsaydı, xalqımızın mütləq əksəriyyəti cənab Ərdoğana səs verərdi. Bu, birmənalıdır, həqiqətdir. Hər halda bütün dünya şahidlik edir ki, cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bu gün Türkiyə dünyada böyük bir güc mərkəzidir, iqtisadi gücünə görə Avropada altıncı-yeddinci, dünyada on altıncı-on yeddinci, hərbi gücünə görə NATO çərçivəsində ikinci yerdədir. Türkiyənin iştirakı olmadan dünyada heç bir problem həllini tapa bilmir. Türkiyə söz sahibidir və bütün bu nailiyyətlərin əldə edilməsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın misilsiz və müstəsna xidmətləri var...”
GUNDEMİNFO.AZ xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələ və onun faciəvi nəticələri əslində bütün dünyanı birləşdirib: “Ziddiyyətlərin və toqquşmaların geniş yayıldığı, çox mürəkkəb dünyamızda Türkiyədə baş verən zəlzələ həm də birləşdirici rol oynayır. Bu gün bütün dünya Türkiyənin yanında olduğunu ifadə edir. Bu reallıq fonunda həm də Azərbaycan - Türkiyə qardaşlığı bütün dünya üçün örnək, nümunə oldu. Dünya bir daha şahidlik etdi ki, yaxşı dost pis gündə tanınır. Amma pis gün çox böyük olanda böyük dostlar tanınır. Türkiyənin böyük dostları arasında Azərbaycan birinci yerdədir. Hətta deyərdim ki, hazırda bütün dünya Türkiyənin dostudur...”
355 dəfə oxundu