"Öz vətəninizdə başqa millətlər üçün uşaq böyütmüsünüz" - Aqşin Yenisey
İlbər Ortaylının "Azərbaycan türkcəsi dilimizin (Anadolu türkcəsinin) gəncliyidir" fikrini çoxları Azərbaycan türkcəsinə verilən dəyər kimi paylaşır. Bir dilə "gənc" deyirlərsə, o dilin mənsubları bundan qürur deyil, utanc duymalıdırlar. "Gənc dil" nə deməkdir? Yəni o dildə hələ kamilləşmə prosesi getməyib, "həyatı" səhvlərlə doludur. "gənc dil" fikri dolğun ifadə edə bilməyən dil deməkdir. "Gənc dillə" böyük mətləbləri izah etmək olmaz və s.
Dilçilik elminin "atası" sayılan Sössür nitq fəaliyyətini iki yerə ayırır: Dil “langue” və Nitq “parole”. Nitq danışma aktıdır, fərdidir, xəttidir, mexanikidir. Dil nitqin daxili aləmidir, anlayışlar və işarələr sistemidir. Yəni nitq şifahi olandır, dil yazılı olan. Danışa bildiyin nitqindir, yaza bildiyin dilin.
Bir dilin "gəncliyi" onun şifahi mərhələsdir. Azərbaycan türkcəsi məhz bu mərhələdə ilişib qalıb. Nitq (söz) mərhələsindən, dil (anlayış) mərhələsinə keçə bilməyib. Çünki sovet ideoloqları Azərbaycan elmini deyil, ədəbiyyatını cəmiyyətin aparıcı xəttinə çevirdilər. Savadsız fəhlə-kəndli balaları da qalın-qalın poemalar, romanlar yazaraq elitarlaşıb folkloru diriltdilər. Funksionallığını itirmiş həqiqətlərlə funksionallığı olmayan bir dil yaratdılar. Yazılı ədəbiyyatımız belə şifahi nitqin hesabına yaradıldı. Necə ki, həmin işi bu gün meyxanaçılar davam etdirir. Bu gün hər evə soxulmaq imkanı olan Azərbaycan efirinin dili 200-300 sözdən ibarət nitqdir. Azərbaycan tamaşaçısı, oxucusu ona görə rus, Anadolu türkcəsinə şığıyır ki, orada nitq yox, dillə ünsiyyətə girir, sözlərlə deyil, anlayışlarla tanış olur.
Çağın ölüçüləri ilə yanaşsaq, əslində, biz bu gün ölü bir dilə sahibik. Dünyada elə bir xalq yoxdur ki, şifahi nitqi olmasın, amma yazılı dili olan cəmi 78 xalq var.
Beynəlxaq ədəbi mühitdə artıq belə bir fikir hakimdir ki, əgər bir roman ingiliscə yazılmırsa, o bəri başdan roman deyil, ona vaxt ayırmaq olmaz. Çünki çağı ifadə edən əsas dil ingilis dilidir. Dilimiz "gənc" olduğu üçün çağı ifadə etmək imkanlarından məhrumdur.
İnkişaf etmiş dünya çoxdan ideologiyalar dövrünü başa vurub, texnologiyalar çağına qədəm qoyub.
Texnologiyalar çağında isə dili ədəbiyyatçılar deyil, mühəndislər, proqramistlər, nə bilim, kiber uzmanlar yaradır.
Siz əgər otuz il ərzində öz uşaqlarınıza öz dilinizdə bircə dənə "Maşa və Medved" kimi cizgi filmi çəkməyibsinizsə, inciməyin, öz vətəninizdə başqa millətlər üçün uşaq böyütmüsünüz.
335 dəfə oxundu