“29 ildir evimiz zəbt edilib, məhkəmə qətnaməsi 12 ildir icra edilmir” – Sumqayıt sakini

  “29 ildir evimiz zəbt edilib, məhkəmə qətnaməsi 12 ildir icra edilmir” –
Sumqayıt şəhər sakini Ağakişiyeva Həqiqət Feytulla qızı mülkiyyətinin Kəlbəcərdən olan ailə tərəfindən zəbt olunmasından şikayətçidir.
O, bu barədə Yeniavaz.com-a müraciətində bildirib.
H.Ağakişiyevanın sözlərinə görə, evləri zəbt olunmamışdan onlar həyat yoldaşı Ağakişiyev Firudin Balaqadaş oğluna Sumqayıt şəhərində yerləşən “Ximkombinat”dan (indiki Üzvi-Sintez Birliyi) 1978-ci ildə verilən evdə yaşayıblar. Ailə üzvlərinin sayı artdığından onların mənzil sahəsi etdikləri müraciət əsasında artırılıb. Ailəyə qaldıqları mənzil dövlətə təhvil verilmək şərtilə 1994-cü ildə yaşayış sahəsi 53,13 kvadrat metrdən ibarət 47-ci məhəllə, ev 13, mənzil 22-də 4 otaqlı ev verilib. Lakin ailə yeni mənzillərinə köçmək istədikdə məlum olub ki, onların mənzili Kəlbəcər köçkünləri Muxtarov Zakir Ədil oğlu, Muxtarova Solmaz Ədil qızı və onların ailəsi tərəfindən zəbt olunub:
“O zaman ailəyə verilən evdə tikinti davam edirdi. Ümumiyyətlə, bizim bina tam hazır deyildi deyə biz həmin evə köçmədik ki, tam hazır olsun. Məcburi köçkünlər də evin sahiblərinin - bizim evdə olmamağımızdan istifadə edərək qapını qırıb evimizi zəbt etdilər. Zəbt olunan mənzilimiz 27.08.2007-ci il tarixdən bizim adımıza özəlləşdirilib və hamımız indiyəcən elə o evdə qeydiyyatdayıq. Öz evimiz zəbt olunduğuna görə məcbur olaraq qaldığımız evlərin kirayəsinə indiyəcən 30 min manatdan çox pul xərcləmişik və hazırda da xərcləyirik. Yoldaşımla bizim kimi Sumqayıtda evi zəbt olunmuş 66 ailə ilə birlikdə (bizə hətta “66-lar” deyirdilər) uzun müddət mülkiyyət hüquqlarımızı bərpa etmək üçün fəaliyyət göstərmişik. Biz o qədər Prezident Administrasiyana şikayətə gedirdik ki, artıq bizi görəndə deyirdilər ki, “66-lar” yenə gəldi”.
30 il ərzində Nazirlər Kabinetinə, Sumqayıt İH-yə və onun bütün başçılarına, sabiq ombudsman Elmira Süleymanovaya, Baş Prokurorluğa, ədliyyə naziri Fikrət Məmmədova, Prezident Administrasiyasına, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə etdiyimiz müraciətlər nəticəsiz qalıb.
Bu səbəbdən həyat yoldaşım məhkəmə iddiası qaldırmaq məcburiyyətində qaldı. Sumqayıt şəhər Məhkəməsinin 3 avqust 2011-ci il tarixli Qətnaməsi ilə evimizin boşaldılması haqda iddiamız təmin edilib. Sumqayıt Regional Ədliyyə İdarəsinin Sumqayıt şəhəri üzrə icra şöbəsi 4 noyabr 2011-ci il tarixində icraata başlama haqqında qərar qəbul edib. Təssüflər olsun ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi artıq 12 ildir ki, icra edilmir.
Məhkəmə qətnaməsinin uzun müddət icra edilməməsinə görə həyat yoldaşım İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə də şikayət verib. İnsan Hüquqları üzrə Avropa Məhkəməsində 21 oktyabr 2014-ci il tarixli bəyanat qəbul edilib. Bəyanatda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair pozuntuların baş verməsi tanınıb. Kömək kimi bizə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən 2310 avro məbləğində kompensasiya da ödənilib.
Evimizi zəbt edən məcburi köçkünlər də çıxmağa razıdırlar, amma deyirlər ki, onlara ev versinlər ki, çıxsınlar. Bizim kimi onlar da dəfələrlə “Qaçqınkom”a gedib”.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə aidiyyəti sorğuları ünvanlamışıq.


  “29 ildir evimiz zəbt edilib, məhkəmə qətnaməsi 12 ildir icra edilmir” –
  “29 ildir evimiz zəbt edilib, məhkəmə qətnaməsi 12 ildir icra edilmir” –
  “29 ildir evimiz zəbt edilib, məhkəmə qətnaməsi 12 ildir icra edilmir” –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
440 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...