“Silahı başıma dirədi” - Polkovnik-leytenantın arvadı - Video
Hərbi Prokurorluğun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ceyhun Hüseynovun həyat yoldaşına şiddət göstərdiyi iddia edilir.
GUNDEMİNFO.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun arvadı N.Hüseynova mediaya müraciətində bildirib.
Qadın qeyd edib ki, yeddi ildir Ceyhunla ailə həyatı qurub: “Bizim iki azyaşlı övladımız var. İl yarımdır ki, Ceyhun Hüseynov evə gəlmir, əxlaqsız qadınlarla yaşayır. Hər dəfə evə gələndə mənə işgəncə verir. Sonuncu dəfə bu ilin fevralın 21-də axşam saatlarında evə gəlib, uşaqlarını dostu Mübarizlə apardılar. Daha sonra geri qayıtdı, dövlətin ona verdiyi silahı zorla mənim başıma dirədi və “sənə xəyanət etmişəm” sözlərini deməyimi bildirdi. Həmin görüntüləri dostu Mübariz çəkdi. Həmin gecə saatlarla mənə fiziki zorakılıq göstərdi. Uşaqları yenidən evə gətirdi və özü getdi”.
N. Hüseynovanın sözlərinə görə, fevralın 22-si C. Hüseynov evə gəlib və uşaqları ondan alıb: “Daha sonra məni zorla çöllük bir yerə aparıb, dəmir parçası ilə vurdu. Yenə də mənə ona “xəyanət etmişəm” sözünü dedirtdi. Şok vəziyyətində idim, məni evə gətirərək əl-ayağımı bağladı. Sonra ona yalvardım, əl-ayağımı açdı.
Mənə bildirdi ki, evə gəlib, məni yenə döyəcək. Həmin vaxt üstümə bıçaq çəkdi. Səhəri gün pəncərədən yaşadığımız evin həyətinə və oradan da qonşuların həyətinə tullandım. Onlardan biri mənim həyətindən keçməyimə icazə verdi. Mən taksiyə minib, Abşeron Rayon Polis İdarəsinə getdim”.
N.Hüseynova uşaqlarından xəbər ala bilmədiyini deyib: “Övladlarım tanımadığım qadınların yanındadır. Mənim həyatım da təhlükədədir. Ceyhun məni hədələyir ki, dövlətin ona verdiyi silahla məni öldürəcək”.
Saytın əldə etdiyi məlumata görə, artıq məsələ barədə Hərbi Prokurorluqda araşdırma başlanılıb.
406 dəfə oxundu