Uşaq bağçalarının mətbəxi bağlanacaq?
“Bakıda (bir qisim), Gəncə, Mingəçevir və Bərdədəki dövlət məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçası) uşaqlara isti yeməklərin verilməsi ilə bağlı pilot layihənin icrasına başlanılıb”.
Bunu “Report”a açıqlamasında Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
Onun sözlərinə görə, hazırda pilot layihə ilə bağlı tədqiqat gedir və ilkin geridönüşlər müsbətdir: “Aprel ayına qədər tədqiqatı bitirmək niyyətindəyik. Bundan sonra valideynlər və bağça əməkdaşları arasında sorğu edə, yaxud özümüz bağçalarda monitorinq keçirə bilərik ki, bu istəyimiz necə alınır. Yekun rəy əsasında pilot layihənin əhatə dairəsinin genişləndirilməsi və ya təkmilləşdirilməsi barədə qərar verəcəyik”.
İsti yeməyin mahiyyətinə gəlincə, nazirlik rəsmisi vurğulayıb ki, əvvəl bağçaya ərzaq verilirdi və oranın xidməti heyəti yeməyi bişirib uşaqlara paylayırdı: “İndi isə misal olaraq, bir ketrinq şirkəti qəbul edilən vahid standartlara uyğun, əvvəldən razılaşdırılmış menyu və qramajlarla yeməyi bişirir və bağçalara təqdim edir. Artıq yeməklərlə bağlı şəffaflıq yaranır ki, heç bir müdaxilə yoxdur. Çünki bəzən verilən ərzaqların hamısı bişirdimi və ya uşaqların hamısına çatırdımı sualları yaranırdı. İndi isə bilirik ki, uşağın qarşısına uyğun kaloridə və miqdarda hazır yemək gedir. Bu mənada ilkin təəssüratda pilot layihə uğurlu modelə oxşayır”.
E.Əliyev bağçaların mətbəxinin bağlanacağına dair fikirlərin doğru olmadığını söyləyib: “Bağçanın mətbəxinin müəyyən istifadəsi var. Çünki xidmət yeri yenə də bağçanın özüdür. Bağçanın özünün mətbəxində yeməklərin hazırlanması bağçanın həcmindən asılıdır. Misal olaraq, bir ərazidə 3 yanaşı bağça var, amma kiçik bağçada mətbəx qurulması o qədər də əlverişli olmaya bilər. Həmin bağçalar üçün ketrinq daha sərfəli olar”.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci ilin dekabr ayının 20-də imzaladığı dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin (hazırda Elm və Təhsil Nazirliyi) tabeliyinə verilib.
634 dəfə oxundu