Kürdəmir məktəbindəki İNSİDENTİ lentə alan müəllimin TÖHMƏTİ ləğv olundu

Kürdəmir məktəbindəki İNSİDENTİ lentə alan müəllimin TÖHMƏTİ ləğv olundu
6 ay əvvəl Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində baş verən qalmaqalı ictimailəşdirmişdik.

Valideyn Elşən Abdulovun ibtidai sinif müəllimi Xatirə Əhmədovaya illərdir yaratdığı problemi, təzyiq və təhdidlərdən ibarət faktları qeyd etmişdik.

Onun məktəbin direktor əvəzi Ülkər Quliyeva ilə əlbir olaraq Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, icra hakimiyyətinin nümayəndələri və özünü “jurnalist”kimi qələmə verən Etibar Bəşirovla məktəbə basqınını əks etdirən videogörüntü təqdim etmişdik. Bu basqından təşvişə düşərək ağlayan ibtidailəri isə görüntüləyərək media müstəvisinə çıxaran həmin məktəbin müəllimi Səkinə Hüseynovaya direktor əvəzi Ülkər Quliyeva tərəfindən töhmət verildiyini qeyd etmişdik. Hansı ki, Səkinə Hüseynova illərdir çalışdığı tədris ocağında hər hansı neqativə yol vermədiyini və töhmətin ona əsassız yerə verildiyini dönə-dönə qeyd edirdi.


MÖVZU İLƏ BAĞLI:

Kürdəmir məktəbində daha bir İNSİDENT – Müəllim XƏSTƏXANALIQ oldu - ÖZƏL


Məktəbdə baş verən ard-arda olaylardan sonra Elm və təhsil nazirinin əmri ilə E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbinin direktor vəzifəsini icra edən Ülkər Quliyeva vəzifəsindən uzaqlaşdırılıb, əvəzinə isə yeni təyinat olub. Eyni zamanda Səkinə Hüseynovaya verilən töhmət də üzərindən götürülüb.

Bununla bağlı Bizim.Media-ya Səkinə Hüseynovanın özü məlumat verib.

“Bilirsiz ki, sözügedən olayla bağlı məktəbdə növbədənkənar pedaqoji iclas keçirilmişdi. Şura iclasında videonun mediaya düşməsi və xoş olmamaması qeyd olunsa da, mənə töhmət veriləcəyi bildirilməmişdi. Direktor əvəzi Ülkər Quliyeva şəxsi prinsip əsasında mənə şiddətli töhmət verilməsini əmr etmişdi. Halbuki bu əmrdə kollektivin heç bir üzvü mənə töhmət istəməmişdi. İki dəfə yazılı, bir dəfə isə portal üzərindən Elm və Təhsil Nazirliyinə müraciətimdən sonra regional idarə tərəfindən məsələnin həll olunacağı bildirilmişdi.

Hansı ki, regional idarədə Ülkər Quliyeva hər bir müəllimin ayrı-ayrılıqda mənə töhmət istədiklərini qeyd etmişdi. Töhmətin verilmə səbəbi kimi isə videonun guya dərs vaxtı çəkildiyi əsas gətirilirdi.

Videonun çəkilmə saatını və dərs vaxtı çəkilmədiyini sübut edəcək görüntüləri idarəyə təqdim etsəm də, məsələyə baxılmırdı. Olaydan sonra məktəbimizə yeni direktor təyin edildi və mən töhmətin götürülməsi ilə bağlı ona müraciət etdim. Direktor anındaca pedoqoji şura təşkil etdi. 25 nəfər müəllimin yekdil və bir nəfərin neytral səsi ilə töhmət qərarı ləğv olundu. Hər kəs də şura iclasında bir daha qeyd etdi ki, töhmət qərarı qanunsuz olaraq verilmişdi”.

Səkinə Hüseynova məsələni ictimailəşdirdiyi və problemin müsbət həllinə çalışdığı üçün Bizim.Media-ya xüsusi təşəkkürünü də çatdırıb:

“Səsimizi çatdırdığınız üçün başda rəhbəriniz olmaqla, kollektivinizə, mənə dəstək olan valideynlərimə və kiçik ürəkli şagirdlərimə də minnətdaram. Onu da qeyd edim ki, indiyədək müəllimlər otağı olmayan bir məktəbdə belə bir otaq yaradıldı. Artıq biz müəllimlərin gözəl otağı var. Heç kim heç kimdən nə qaçır, nə də qorxur. Məktəbdə çox gözəl nizam-intizam yaradılıb. Əvvəl bərbad durumda olan davamiyyət isə indi qaydasına düşüb”, - deyə müəllim əlavə edib.

Xatirə Əhmədova isə əlavə edib ki, məktəbə təyin olunan yeni direktor şəxsi vəsaiti hesabına sanitar qovşağı təmir etdirib. Məktəbdə əməlli-başlı qayda-qanun yaradılıb və gələcək planlar üzərində işlər görülür.

Qeyd edək ki, məsələ ilk dəfə Bizim.Media-da ictimailəşib və iş prokuroluğa qədər gedib çıxıb. Aylarla sürən araşdırmalardan sonra Elm və təhsil nazirinin əmri ilə Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbinin direktor vəzifəsini icra edən Ülkər Quliyeva vəzifəsindən uzaqlaşdırılıb, əvəzinə isə Mütəllim Mütəllimov təyinat alıb.

Xatırladaq ki, oktyabrın 14-də Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, icra hakimiyyətinin nümayəndələri və “press” geyimində “jurnalist” ibtidai sinif müəllimi Xatirə Əhmədovanın dərsini pozaraq, müəllimi dəhlizə çıxarıblar.

Müəllimin polis tərəfindən aparıldığını zənn edən şagirdlər ağlayaraq sinif rəhbərlərinin geri dönməsini tələb ediblər. Uşaqları sakitləşdirən digər müəllim yoldaşı isə həmin məqamı lentə alıb.

Əlavə olaraq, ötən ilin dekabrında şagirdlər arasında bıçaqlanma, may ayında isə zorlanma faktları yaşanıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
356 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...