Abort etdirmək üçün xaricdən Azərbaycana gəlirlər

Abort etdirmək üçün xaricdən Azərbaycana gəlirlər
2022-ci ildə Azərbaycanda 15-19 yaş qrupları arasında 2 100 abort qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Statistikaya görə aborta gedənlərdən 15-17 yaş aralığında olanların sayı 100, 18-19 yaş aralığında olanların sayı isə 2 min olub.

Ölkəmizdə 2022-ci ildə ümumilikdə, 58 min abort qeydə alınıb. Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış Psixoloq Gülnar Orucova qeyd edib ki, Azərbaycanda abort etdirmək xarici ölkələrə nisbətdə daha rahat prosesdir.

"Statistikaya nəzər salsaq görərik ki, Azərbaycan abortun sayına görə ilk yerlərdə olan ölkələrdən biridir. Azərbaycanda nə qədər qadağalar qoyulsa belə, həkimlər bunu reallaşdıra bilirlər. Onlar müxtəlif diaqnozlar qoyaraq bunu edirlər.

Hətta xaricdə yaşayan həmvətənlərimiz sırf bu məqsədlə Azərbaycana gəlirlər. Çünki xaricdə abort etdirmək üçün kifayət qədər səbəbin olmalıdır ki, buna icazə verilsin. Xaricdə bunu etmək çox çətin olduğu üçün onlar Azəərbaycana gəlirlər, çünki burada uşağı götürtmək daha asan olur".

G.Orucovanın sözlərinə görə, övladı yeniyetmə yaş dövründə olan valideynlər mütləq diqqətli olmalı, onunla dil tapmağı bacarmalıdırlar:

"Ümumiyyətlə, son dönəmlərə fikir versək görərik ki, 13-16 yaşlı qızlar evdən qaçmağa daha çox meyilləniblər. Bu isə yaş dövrü ilə əlaqədardır. Yeniyetmə yaş dövründə valideyn övladla dil tapmağı bacarmalıdır. Valideyn dil tapa bilmirsə, övlad bu yaşda anadan imtina etməyi gözə alır. Bu yaşda yeniyetmələr həyatı ağ və ya qara görürlər, onlar üçün orta rəng yoxdur. Ona görə bəziləri intihar edir, bəziləri evdən qaçır, bəziləri də müxtəlif aqressiya göstərir. Bu dönəm elə bir dönəmdir ki, yeniyetmələr özlərini azad, sərbəst hiss etmək istəyirlər. Bunu da öz davranışları ilə göstərirlər. Bəzisi müxtəlif tatular edir, bəzisi siqaret çəkir, yaxud digər zərərli vərdişlərə yönəlirlər, əcaib saç stili, geyim üslubu ilə bunu göstərir. Yeniyetmələrin bir çoxunda dini obsessiyalar formalaşır, deyirlər ki, mən deistəm, ateistəm və s.

Amma burada bir məsələ var ki, burada diqqətli olmaq lazımdır. Bu dövrdə yeniyetmə valideynlə hər hansı problem yaşayırsa, evdən qaçmağa meylli olur. Bu gün qanunlara görə evlilik yaşı 18-dir, amma bu o demək deyil ki, sən 18 yaşı olan kimi uşağına icazə verməlisən ki, get ailə qur. İnsan evliliyə hazır olanda ailə qurmalıdır, əks halda, abortlar, xəyanət özünü göstərəcək".

Psixoloq bu qədər abortun təcavüzə görə baş verməsi ehtimalının az olduğunu deyib: "Ana ilə övlad arasındakı yaş fərqi 18-20-ni aşmalıdır. Belə olmayanda ana öz gəncliyini yaşamadığı üçün ya həmin uşağı abort edir, ya da övladını ata bilir.

Abortların sayının artmasında təcavüzü ön plana çəkmək fikrimcə, düzgün deyil. Azərbaycanda bu qədər təcavüz ola bilməz, bu, gülüncdür. Bu təcavüz yox, yeniyetmə özbaşınalığıdır. Bu kimi hallar valideyn nəzarətsizliyindən yaranır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...