İcra başçısı: "İkinci gölün yaradılması xəbəri yalandır" - VİDEO

İcra başçısı: "İkinci gölün yaradılması xəbəri yalandır" -
“Çox əfsuslar olsun ki, bu məsələ ilə bağlı bizim sakinlərimiz məlumatsızdırlar. Siz sakinlər ərazidə 11 ildir fəaliyyət göstərən gölün fəaliyyətinə maneəçilik törətməyə çıxmısınız. Ərazidə cari işlər görülür”.
Yeniavaz.com xəbər verir ki, bunu Gədəbəy rayonunun icra başçısı Orxan Mürsəlov sakinlərin Söyüdlü kənd ərazisində ikinci süni gölün yaradılması ilə bağlı keçirdikləri etiraz askiyasının baş tutduğu ərazidə çıxışı zamanı deyib.
İcra başçısı ərazidə yaradılan birinci gölün daşması və əlavə olaraq ikinci gölün qazılması barədə məlumatları yalanlayıb:
“O göl orda dünən yaradılmayıb, 11 ildir var. Sizin bununla bağlı heç vaxt narazılığınız olmayıb. Ərazidə texnika fəaliyyət göstərir. Sual onda yaranır ki, vətəndaş niyə qanunsuz şəkildə əraziyə çıxıb? Ora kənd ərazisi deyil. Bütün işlər yekunlaşdırıldıqdan sonra rekultivasiya (texnogen təsir nəticəsində məhsuldarlığı azalmış torpaqların, dağılmış relyefin və təbiətin bitki örtüyünün süni surətdə bərpa edilməsi üzrə tədbirlər kompleksi – red.) işləri aparılacaq, torpaq əvvəlki vəziyyətinə qaytarılacaq. Biz bunu birmənalı olaraq şirkət qarşısında öhdəlik qoymuşuq və dövlət də buna nəzarət edir. Gölün fəaliyyəti yekunlaşdıqdan sonra ərazi əvvəlki vəziyyətinə qaytarılacaq. Xeyr, ikinci göl qazılmır.
Ərazimizdə 10 min başa yaxın mal-qara var. Onların otarılması üçün bələdiyyəmizin ərazisində yetərincə otlaq sahəmiz var. Vətəndaşların həmin torpaqlardan istifadəsi üçün bütün imkanlar mövcuddur. Bununla bağlı heç bir problemimiz yoxdur. Mən bu otlaq sahəsini insanlara göstərə bilərəm.
Əgər əhalini nəsə narahat edirsə, biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssisləri ilə birgə bunun izahatını verə bilərik ki, o göl insanların sağlamlığı üçün zərərlidir, yoxsa zərərli deyil. Gölün zərərli olub-olmadığını yalnız mütəxəssislər öyrənə bilər. Kimsə sosial şəbəkələrdə, kimsə yoldan keçəndə kiminsə qulağına deyib. Bu, hamısı dedi-qodudur. Biz artıq ETSN-ə məlumat vermişik. Onlar gəlib əraziyə baxacaqlar, müvafiq nümunələr götürəcəklər və açıq şəkildə əhaliyə bunun izahatını verəcəklər”.
O.Mürsəlov əhali arasında xərçəng xəstəliyinin yayılması iddialarına da münasibət bildirib:
“Rayonumuzun ərazisində xərçəng xəstələrinin sayı, onun yaranma səbəbi – bunlarla bağlı statistika var. 100 nəfərdən 1-nin qüsurlu doğulmağı o demək deyil ki, Gədəbəydə problem var. Mən TƏBİB-in rəhbəri deyiləm. Siz (jurnalistə müraciətlə - red.) TƏBİB-ə müraciət edin, insanların sizə dediyi dedi-qoduları rəsmi olaraq dəqiqləşdirin. Kiminsə bir hadisəni görməyi və o hadisə əsasında ortaya hansısa mülahizə irəli sürməyi tamamilə yanlış, dürüst olmayan dezinformasiyadır. Əhalimizi narahat edən məsələlər dezinformasiyadır”.
Rayon rəhbəri ötən gün polis əməkdaşları ilə vətəndaşlar arasında yaşanan qarşıdurmadan da danışıb. O.Mürsəlov polisin müdafiəsinə qalxaraq əhalinin onlara bəzi cisimlər atdığını deyib:
“Heç kimin ixtiyarı yoxdur ki, hüquq-mühafizə orqanına daş atsın. Mən sizə videogörüntülər göstərə bilərəm. Mənim mobil telefonumu verin. Mən mobil telefonumda sizə vətəndaşın polisə etdiyi... Polis heç kimi vurmayıb. Polis vətəndaşımızı qoruyur. Bu gün Azərbaycan polisi olmasa siz burda rahatlıqla telefonları mənə tuşlayıb mənlə danışa bilməzsiniz”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
345 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...