Bakıda 500 min evin "kupça" problemi: "Bu ərazilərdə ya köçürülmə olacaq, ya da..."

Bakıda 500 min evin "kupça" problemi:
Hazırda paytaxt ərazisində sənədsiz evlərin sayı 450-600 min arasındadır. Vətəndaşların belə mənzillərə "kupça" ala bilməmələrinin əsas səbəbi isə ərazi ilə bağlı yaranan problemlərlə əlaqələndirilir. Amma əsas məsələlərdən biri isə sənədsiz evlərdə kommunal ödənişlər məsələsidir.

Maraqlıdır, bu necə tənzimlənir? Sənədsiz evlərə qanuni olaraq qaz, su, işıq və digər kommunal xidmətlər çəkilə bilər?

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan əmlak üzrə ekspert Elnur Fərzəliyev qeyd edib ki, hazırda qeyri-rəsmi rəqəmlərə əsaslansaq, Bakı və Abşeron ərazisində təqribi 500 min civarında çıxarış ala bilməyən fərdi həyət evləri var:

"Onlara qanunsuz tikililər və ya sənədsiz evlər deyilsə də, bu evlərin hər hansı bir formada sənədləri var. Evlərin bəzilərində bələdiyyə tərəfindən verilən sərəncamlar, bəzilərində illər öncə İcra Hakimiyyəti, kolxoz və sovxoz tərəfindən verilmiş sənədlər var. Bakının mərkəzi hissələri olan Yasamal, "Alatava”, "Sovetski”, "Kubinka” kimi tanınan ərazilərdə Mənzil İstismar İdarələri tərəfindən verilmiş "Ev kitabçaları" var. Vətəndaşlar bu sənədlər əsasında kommunikasiya xəttləri çəkib onlardan istifadə edirlər. Həmin ərazilərdə çıxarışlarının olmamasına səbəb bu torpaqların yaşayış üçün deyil, kənd təsərrüfatı və yaxud digər torpaq sahələri olduğu göstərilir.

Bu ərazilərə çıxarışların verilməsi üçün ilk növbətə torpağın təyinatı dəyişməlidir. Ondan sonra sonra üzərində olan tikililərə çıxarışlar verilə bilər. Bundan əlavə, bir çox qadağan olunmuş ərazilərdə böyük tikinti işləri aparılır. Bunlar vulkanik, kommunikasiya xəttləri üzərində, yüksək gərginlik xəttləri altında olan və s. qadağan olunmuş ərazilərdə tikilmiş fərdi evlərdir. Düşünürəm ki, sənədləşdirilmə zamanı bu ərazilərdə köçürülmə işləri aparılacaq və ya bu ərazilərə çıxarışlar verilməyəcək. Həmin ərazilərə çıxarışların verilməsi üçün əgər kommunikasiya xəttləri üzərində və ya al

tında tikilibsə, həmin xəttlər köçürülməlidir və ondan sonra çıxarış verilə bilər. Əks halda, həmin mənzillərə çıxarışların verilməsi qanun ilə qadağandır".

Ekspert bildirib ki, SSRİ dövründə tikilmiş Bakının mərkəzi ərazilərində yerləşən fərdi həyət evlərindən ibarət massivlərin yaşı 100 ili ötsə də, bu ərazilər kənd təsərrüfatı, əkin biçin ərazisi olmasa da, sırf yaşayış massivləri olsa da, hansısa səbəbdən bu ərazilərə kütləvi şəkildə çıxarışlar verilmir:

"Çıxarış verilməməsi səbəbi ilə dövlət büdcəsində ciddi axsamalar müşahidə olunur. Bələdiyyələr əmlak və torpaq vergisi yığırlar. Ancaq bu vergilərin yığılması üçün həmin əmlakın çıxarışı olmalıdır. Bu gün 500 min civarında olan fərdi həyət evinin çıxarışı olmadığına görə həyət evlərinin sahibləri əmlak və torpaq vergilərini ödəmirlər. Həmin əmlaklar sığortalana bilmir. Bu əmlakların satışı zamanı dövlətə vergilər ödənilmir. Hər hansısa çıxarışlı əmlakın satışı zamanı həmin əmlakın ümumi sahəsinin 30 kv.m çıxılır və qalan hissəsinə vergi ödənilir. Hər gün paytaxt ərazisində qeydə alınmayan yüzlərlə həyət evləri satılır. Burada notariuslar, banklar, sığorta şirkətləri və dövlət büdcəsi bu satışlardan yararlana bilmirlər. Vətəndaşın mülkiyyət hüququ tanınmadığına, qorunmadığına görə vətəndaş öz ailəsini evə qeydiyyata sala bilmir, sahibi dünyasını dəyişir və həmin əmlakın mülkiyyət hüququ tanınmadığına görə varislər arasında düzgün bölgü aparılmır. Həmin əmlaklar bank, ipoteka yolu ilə satıla bilmir. Bu baxımdan düşünürəm ki, problemlərin aradan qaldırılması, həmçinin dövlətin bu sahədən gəlir əldə edə bilməsi üçün mütləq şəkildə bu ərazilərin çıxarışları verilməlidir".

Elnur Fərzəliyev bildirib ki, ən azından 3 səlahiyyətli qurum bu əmlaklarda mülkiyyət hüququnu tanıyıb:

Həmin ərazilərə bütün yaşayış evləri qaz, su, işıq, kanalizasiya xəttləri çəkilib. Bu isə ona əsas verir ki, ən azından 3 səlahiyyətli qurum - "Azərsu", "Azərişıq" və "Azəriqaz" həmin mənzillərin sahiblərinə aid olduğunu sübut edir. Bu mənzillərə qaz, su, işıq xəttləri çəkilibsə, sayğaclar mənzil sahibinin adına qeydə alınır. Bu da onu deməyə əsas verir ki, artıq həmin mülkün sahibini ən azından 3 səlahiyyətli qurum tanıyır. Həmin müklərə ünvanlar verilir. Ünvan verilməsi də bir sübutdur. Lakin bütün bunlara baxmayaraq, təəssüflər olsun ki, bu ərazilərə çıxarışlar verilmir. Prosesdə ciddi yubanmalar var. Əksər hallarda vətəndaşlar çıxarışın alınması üçün məhkəməyə müraciət edirlər. Onların xeyirlərinə qərar çıxdıqdan sonra qətnamə ilə çıxarış alırlar. Bu isə Azərbaycan kimi inkişaf etmiş bir ölkə üçün xoşagəlməz haldır".

"Hər il ölkəmizdə əmlak sərgiləri olur. Xarici ölkələrdən də əmlak şirkətləri gəlir və həmvətənlərimizi öz ölkələrinə dəvət edərək əmlak satırlar. Lakin biz Azərbaycan olaraq xarici investorları öz ölkəmizə dəvət etməkdə çətinlik çəkirik. Çünki hər hansısa xarici vətəndaş digər ölkədən əmlak alarkən hüquqşünaslara müraciət edir. Həmin hüquqşünaslar hər hansısa statistik göstərici ortaya çıxararkən görünür ki, bu ölkədə çıxarış sayı azdır. Bunu görüb gələcəkdə baş verəcək neqativ hallara görə xarici investorlar ölkəmizə yatırım etmirlər. Bu baxımdan ölkənin həm büdcəsi, həm də əmlak sektoru çıxarışların olmaması səbəbilə böyük itkilərə məruz qalır", deyə ekspert vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
334 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...