Azərbaycanda arı balı tədarükü yarıbayarı azalıb

Azərbaycanda arı balı tədarükü yarıbayarı azalıb
Hava şəraiti bu il məhsulun azalmasına səbəb olub

“Oktyabrın 2-dən bal yarmarkası keçiriləcək. Balın, eləcə də digər arı məhsullarının qiyməti artmasa, nə qədər satış olsa da, sərf etməyəcək. Çünki bu il hava şəraitinə görə məhsul az oldu, arı ailələrinin daşınma xərcləri isə artdı”.

Bunu Meydan TV-yə arıçı Vüqar Abbasov deyib. Bildirib ki, havaların həddindən artıq yağıntılı keçməsi məhsuldarlığa ciddi təsir edib:

“Neçə ildən bəri ilk dəfədir belə vəziyyətlə qarşılaşdıq. Ötən ilə nisbətən heç 50 faiz məhsul olmadı. Təmiz baldan söhbət gedirsə, qiymət ən azı 30-40 faiz artmalıdır ki, bizə də sərf etsin”.
Arıçı deyib ki, Laçın, Kəlbəcər də daxil olmaqla bütün bölgələrdə vəziyyət eyni olub. Arıçılar ciddi problemlərlə qarşılaşıblar. Bəzi çiçək növü heç açmayıb.

Arıçı Elvin Bayramlı da bildirib ki, arıçılar üçün bu mövsüm pis keçib, hava şəraitinə görə bitkilər nektar verməyib:

“Son 50 ildə belə bir kritik vəziyyət olmayıb. Dağda, aranda, həm də orta dağlıq ərazilərdə, Kəlbəcər, Laçın da daxil olmaqla məhsul yoxdur”.

Arıçı söyləyib ki, arıların bir qismi acından ölüb, buna görə də alıcılar məcburiyyət qarşısında qalıb şəkər veriblər. Elə bölgələr var ki, orada orta məhsuldarlıq oub:

“Elə arıçı var ki, məhsulunu birbaşa dağa gətirdi, dağda heç məhsul olmadı”.

E.Bayramlı qeyd edib ki, vəziyyətin arılar üçün əlverişli olmamasının səbəbləri tam bəlli deyil.

Ola bilər ki, küləkl, yağışlı və ya həddindən artıq istilər təsir etsin:

“Biz gözləyirdik ki, mayın 1-dən 20-nə kimi akasiya olsun, olmadı. Sonra qaratikan olmadı, yaxud çox az oldu”.

Arıçı deyir ki, buna görə də bal bahalaşıb, təxminən 5-15 manat arası qiymət artımı var.

“Elə arıçı var ki, bu il 5-10 min manat arası xərci çıxıb, borca düşüb, amma nəticədə məhsul götürməyib. Amma ümid edirdi ki, yaxşı məhsul götürəcək, borcunu ödəyib, üstəlik qazanacaq. Buna görə qiymət məcburiyyətdən qaldırılıb”,- Bayramlı söyləyib.

Qeyd edib ki, yem, müalicə, daşınma, fəhləpulu, qablaşdırma daim xərc tələb edir. Elə arıçı var ki, xərclərini çıxara bilməyəcək.

Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 2-22-də arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

Yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edəcək.

Arıçı fermerlər iştirak üçün əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılacaq. Bu il təşkil olunan bal yarmarkasında növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş maksimum 250 arıçı iştirak edəcək.

Yarmarkaya 2023-cü il avqustun 25-dək arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edən və minimum 40 arı ailəsi olan fermerlər müraciət edə bilərlər. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər. Yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 manatdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
414 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...