Nərimanov rayonunda 20 yanvar anım tədbiri - FOTOLAR
Nərimanov Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü qeyd edilib. 19 yanvar 2016-cı il tarixində Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Öncə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbərliyinin və ictimaiyyətin, rayonda yaşayan 20 Yanvar şəhid ailələri və əlillərin qatıldığı tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar faciəsinin xalqımızın milli azadlıq ruhuna qarşı təcavüz, eyni zamanda xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış bu qanlı hadisənin tariximizin qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib.
A.Fərzəliyev həmin gecə Azərbaycan xalqının özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdiyini deyib.
Keçmiş SSRİ-nin sonuncu rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik və düşmənçilik siyasətindən bəhs edən icra başçısı, faciənin törədilməsində əsas məqsədin işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit hərbi şərait yaratmaq olduğunu bildirərək, baş vermiş qanlı olaylardan dərhal sonra xalqımızın Ümummilli lideri Heydər Əliyevin Respublikanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının mühüm əhəmiyyətini diqqətə çatdırıb.
Natiq, Ulu Öndərin 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsində əvəzsiz rolunu xüsusilə vurğulayaraq bildirib ki, Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar faciəsi şəhidlərinin ailələrini, əlil olmuş vətəndaşlarımızı hər zaman diqqət mərkəzində saxlayıb. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarını müdafiə etməyi bacardı. Ulu öndərin diqqət və qayğısını bu gün layiqincə davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş şəxslərə verilən təqaüd və müavinətləri daim artırır və bu, gələcəkdə də davam etdiriləcəkdir.
Şəhid ailələri və əlillər adından çıxış edən 20 Yanvar Şəhid Ailələri Fondunun Nərimanov rayon şöbəsinin sədri Müxəstə Həsənova bu dəhşətli qətliamı törədən keçmiş imperiya rəhbərlərinin məkrli niyyətlərindən danışıb, hadisələrə ilk dəfə siyasi-hüquqi qiymətin Ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən verilməsini tədbir iştirakçılarının nəzərinə çatdırıb, şəhid ailələrinə və əlillərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib, xalqımızın heç zaman bu hərbi cinayəti unutmayacağına, onu törədənləri bağışlamayacağına və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsini daim qəlbində uca tutulacağına əminlik ifadə edib.
Sonra rayonun orta məktəb şagirlərinin ifasında Qanlı Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya və video materiallar nümayiş olunub. 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə və əlillərə Rayon İcra Hakimiyyəti tərəfindən diqqət və qayğı göstərilib.
1 472 dəfə oxundu