Ermənistan sentyabrda növbəti münaqişəyə hazırlaşır - AÇIQLAMA

Ermənistan sentyabrda növbəti münaqişəyə hazırlaşır -
Son iki gün ərzində Ermənistan ordusu Naxçıvan Muxtar Respublikasını ard-arda atəşə tutub. Sonuncu dəfə 03:20 radələrində Sədərək rayonu istiqamətində yerləşən mövqelərimizə atıcı silahlarla atəş açılıb. Müdafiə Nazirliyi tərəfindən bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Sülh danışıqlarında Azərbaycanın xoşməramlı jestindən sonra Ermənistanın təxribatçı addımı nəyə hesablanıb?

Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozması yeni münaqişənin xəbərçisi ola bilər:

"Ermənistan tərəfinin ABŞ və Fransanın dəstəyi ilə törətdiyi təxribatlar birmənalı şəkildə Azərbyacanla növbəti münaqişənin olmasına hesablanıb. Bu atəşkəs pozuntuları Ermənistanın maraqlarına cavab vermir. Çünki daha əvvəllər Ermənistan tərəfindən törədilən təxribatların nəticələri hamımıza yaxşı məlumdur. Ermənistanla birgə hərbi təlimlər keçən, onu növbəti təxribatlara hazırlayan ABŞ indi isə öz silahlarını Qafqazda Ermənistan vasitəsilə Azərbaycana qarşı istifadəyə start verib. Bu kifayət qədər təhlükəli nəticələrə gətirib çıxaracaq. Görünür, əvvəlki illərdə olduğu kimi bu dəfə də Ermənistan sentyabrda münaqişənin alovlanması üçün kənar ölkələrdən verilən sifarişlərin həyata keçirilməsində israrlıdır".

Ə.Verdiyev vurğulayıb ki, atəşin açıldığı istiqamətlərdəki düşmən obyektləri məhv edilməlidir:

"Hesab edirəm ki, təxribatların qarşısının daha səmərəli alınması üçün Azərbaycan əsgərinə atəş açan düşmən mövqeləri darmadağın edilməlidir. Həmin mövqelər Azərbaycan Ordusu üçün əhəmiyyət daşıyırsa, həmin mövqedə əsgərimiz və bayrağımız yerləşdirilməlidir".

Politoloq Elxan Şahinoğlu Naxçıvan istiqamətində iki dəfə atəşkəsin pozulmasını barədə iki ehtimalını dilə gətirib:

"Ermənistanın Naxçıvan istiqamətində iki dəfə ard-arda atəşkəsi pozmasını belə izah etmək olar ki, ya bu Baş nazir Nikol Paşinyanın ona ötürülən hiyləgər planının tərkib hissəsidir, ya da bunu Ermənistan ordusunda Azərbaycanla sülh istəməyən təxribatçılar həyata keçirir. Birinci variantda Paşinyan Azərbaycanla sülh imzalanmaması üçün süni gərginlik yaradıb yeni ağalarından birinin – Fransanın əmrini yerinə yetirə bilər. Paris oyundankənar vəziyyətdə qaldığına görə Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasını istəmir, çünki bu halda İrəvanın Bakı və Ankara ilə münasibətlərinin normallaşması prosesi başlayacaq. İkinci variantda Ermənistan ordusundakı Paşinyanın da qeyd etdiyi kimi “5-ci kolon” atəşkəsi pozmaqla gərginliyin artmasına çalışır. Bizim üçün bu variantlardan hansının gerçək olduğunun fərqi yoxdur. Ermənistana Nikol Paşinyan cavabdehdir və o bilməlidir ki, atəşkəsin intensiv pozulmasının onun və ölkəsi üçün ağır nəticəsi olacaq. O Fransanın deyil, ölkəsinin maraqlarından çıxış etmədiyi və ordusunda qayda-qanun yaratmadığı halda Azərbaycan ordusunun növbəti zərbəsi ilə üzləşəcək".

"Hesab edirəm ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Xarici İşlər Nazirliyinin birgə sərt bəyanatı yayımlanmalı və atəşkəsin pozulmasına görə Ermənistanın hansı durumla üzləşəcəyi İrəvana aydın izah edilməlidir",- politoloq əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
171 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...