ÜST Azərbaycanda qriplə bağlı vəziyyəti qiymətləndirdi

ÜST Azərbaycanda qriplə bağlı vəziyyəti qiymətləndirdi



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı qripin intensivliyinə görə aşağı səviyyəli ölkə hesab edir.


Təşkilatın Avropa Regional Bürosundan Trend-ə bildirilib ki, Azərbaycan qripin yayılmasına görə Avropa regionunda sporatik, yəni təsadüfi rast gəlinən, tendensiyasına görə isə azalma müşahidə edilən ölkə kimi dəyərləndirilir: “ÜST-nin Avropa Regional Bürosu Respublika Taun Əleyhinə Stansiyanın milli qrip laboratoriyasını və Səhiyyə Nazirliyinin qripə nəzarət edən yerli nəzarət orqanını dəstəkləyir. Azərbaycan, həmçinin Regional Qripə Epidemoloji Nəzarət Şəbəkəsində - “Avropa Qrip Xəbərləri” platformasında iştirak edir və Azərbaycandan olan məlumatlar bülletenə daxil edilib”.

Bürodan əlavə edilib ki, 2009-2010-cu illərdə Azərbaycan dünyada ÜST-dən pandemiya qrip peyvəndini alan və milli peyvənd kampaniyasının icrasına yardım göstərilən ilk ölkələrdən biri olub. Bunun nəticəsində pandemiyanın Azərbaycana təsiri nisbətən az olub: “İndi A(H1N1) mövsümi qrip virusudur. Qrip peyvəndi hər mövsüm tədqiqatlar əsasında insanlar arasında yayılmağı gözlənilən viruslardan qorumaq üçün hazırlanır. 2015-2016-cı il mövsümündə şimal yarımkürəsi üçün peyvəndə A(H1N1), A(H3N2) və B viruslarının ştamı daxildir. Bu mövsümdə peyvəndin mövsümi qrip viruslarının çoxu ilə yaxşı mübarizə aparacağının əlamətləri mövcuddur. Yəni peyvənddəki virusların insanlar arasında gəzən viruslarla yaxından bağlılığı var. Buna görə də cari peyvəndin yaxşı müdafiə təmin edəcəyi gözlənilir”.

Qeyd edilib ki, 2009-cu ildəki pandemiyadan sonra hər qrip mövsümündə müxtəlif virusların üstünlük təşkil edə bilməsinə baxmayaraq, digər iki mövsümi qrip virusu - A(H3N2) və qrip B virusları ilə yanaşı, A(H1N1) qrip virusu da yayılmağa başlayıb: “2015-2016-cı il mövsümündə Avropa regionunda bir sıra ölkələrdə A(H1N1) qripindən ciddi ağırlaşma və ölüm halları müşahidə olunur. Güman ki, bölgənin bəzi digər ölkələri də bu hallarla üzləşə bilər”.

Bürodan bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı bütün ölkələrə yerlərdə mövsümi qrip əleyhinə peyvənd proqramına malik olmağı və qripin ağır formalarına yoluxma riski olan qruplar üçün mövsümi qrip peyvəndlərinin təminatının mövcudluğuna əmin olmağı tövsiyə edir. Risk qrupuna yaşlı insanlar, yaşlılar və əlillər üçün müəssisələrin daimi sakinləri, hamilə qadınlar, xroniki ürək və ya ağciyər xəstəlikləri və ya xroniki nevroloji xəstəlikləri olan insanlar, eləcə də 6-59 aylıq uşaqlar daxildir: “Məlum olduğu kimi, A(H1N1) ciddi xəstəliyə, bəzi hallarda sağlam böyük insanlar, o cümlədən hamilə qadınlarda ölüm hallarına səbəb ola bilər. Həkimlər xəstələrə virusa qarşı preparatlarla dərhal müdaxilə etmək üçün məlumatlandırılmalı və təlimat almalıdırlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
933 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...