11 mindən çox tibb işçisi sertifikasiya imtahanı verib
Azərbaycanda ötən il keçirilən sertifikasiya imtahanlarında 11607 tibb işçisi iştirak edib.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2015-ci il ərzində sertifikasiya imtahanlarından 85 nəfər ali təhsilli əczaçı olmaqla, 3638 nəfər ali təhsilli mütəxəssis keçib. Keçən il ərzində sertifikasiya imtahanlarından praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan 7969 nəfər orta təhsilli şəxs keçib. Onlardan 26 nəfər əczaçılıq fəaliyyəti ilə məşğul olanlardır.
Test imtahanlarında iştirak edənlərin əksəriyyəti terapiya, pediatriya, stomatologiya, cərrahiyə ixtisasları üzrə müraciət edənlərdir.
Orta tibb işçiləri üzrə isə tibb bacısı, mama və feldşer ixtisasları üstünlük təşkil edir.
Sertifikasiya imtahanları Nazirlər Kabinetinin 2010-cu il 08 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na əsasən keçirilir.
Sertifikasiyanın məqsədi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılmasıdır. Sertifikasiya prosesinə beş ildə bir dəfə ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri cəlb olunur.
1 046 dəfə oxundu