“Beynəlxalq bank işi”ndə yeni gəlişmə
“Mənim fikrim budur ki, ”Beynəlxalq Bank işi" üzrə istintaq getmir".
Bu sözləri “Yeni Müsavat”a vəkil Kamandar Nəsibov deyib.
Yada salaq ki, Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin bu il martın 18-də istefaya getməsindən az sonra kredit borcu olanların həbsinə başlandı. 200-ə yaxın kredit milyonçusunun həbsə alınması haqda məlumatlar olsa da, tutulanlardan çox az bir qisminin kimliyi ictimaiyyətə bəllidir. Bu gün “Beynəlxalq Bank işi” üzrə həbsdə olanlar sırasında K.Nəsibovun vəkili olduğu bankın Dubay filialının rəhbəri Adil Hüseynov da var.
K.Nəsibovun sözlərinə görə müvəkkili 9 ay əvvəl həbs olunsa da, istintaqda hərəkətlilik demək olar ki, yox səviyyəsindədir: “İstintaq 2016-cı il mayın əvvəlində sona çatmalıdır. Gözləyirik. Adil Hüseynovun həbsindən 9 ay ötür. Bizə də ümumi şəkildə deyiblər ki, maya qədər məsələ uzanacaq. Ötən 9 ay ərzində cəmi iki dəfə istintaq hərəkəti olub. Kiçik ifadə alıblar. Ucundan-qırağından soruşdular. Pulu kimdən almısan, kimə vermisən - onu da soruşmadılar. Dedilər nə baş verib, Adil Hüseynov da cavab verdi ki, ona müqaviləni göndəriblər ki, imzalasın. O da imzalayıb və geri qaytarıb. Bir də imzalanan müqavilələr üzrə pulu hara deyiblərsə, ora da göndərib. Vəssalam. O əmrləri kimlər verdiyini də deyib. Amma onlarla üzləşmə olmayıb”.
Vəkilin sözlərindən məlum olub ki, A.Hüseynovla eyni vaxtda 25 nəfər tutulub: “Onlardan yalnız Adil Hüseynov bankın işçisi olub. Qalanları bankdan kredit götürmüş firmaların psevdorəhbərləridir. Ona görə psevdorəhbər adlandırıram ki, onlar faktiki maaşa işləyən şəxslər olub. Pulu alanların böyük əksəriyyəti isə bu gün evlərində oturub firavan həyatlarını yaşayırlar. Firmaların sahiblərindən həbs olunanlar Cahangir Hacıyevlə Dünyamin Xəlilovdur. Qalanları - Xəqani Bəşirov, Nizami Piriyev, onun oğlu Nəsib Piriyev və daha 20 krediti faktiki alan şəxs azadlıqdadır”.
K.Nəsibov deyir ki, iş üzrə tutulanlara ittiham verilmiş maddələr də uyğun deyil: “Əvvəl gündən deyirəm ki, bu adamların əməllərində dələduzluq yoxdur. Olsa-olsa vəzifə səlahiyyətlərini verə bilərdirlər və ya pulun təyinatı üzrə xərclənməməsini. Onu da sübut etmək lazımdır. O direktorlar sənədləri imza edəndə saxtakarlıq etdiklərini heç ağıllarına belə götürməyiblər. Onlar kim idi axı? Hamı bilir ki, Azərbaycanda biznes milli mentalitetə uyğunlaşdırılıb. Deyiblər, onlar da imza ediblər, pulu da firmaların faktiki sahibləri götürüb. Adil Hüseynov Beynəlxalq Bankın Dubay filialının müdiri olub. O, rəhbərlikdən gələn göstərişləri icra edib. Yəni deyiblər ki, müqaviləni imzala, imzalayıb. Desəydi ki, imzalamıram, onu işdən çıxaracaqdılar”.
Yada salaq ki, K.Nəsibov əvvəlki açıqlamalarından birində həbsdə saxlanılan şəxslərin bəzilərinin kimliyini də açıqlamışdı: “Bu gün həbsdə saxlanılan günəş batareyalarının quraşdırılması ilə məşğul olan şirkətin rəhbəri Adil Mikayılov, ”Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuz, “City Devoloper” MMC-nin direktoru Ratmir Bəkirov kreditlərin alınması haqda sənədlərə, sadəcə, qol çəkiblər. Özləri də çox yaxşı bilirlər ki, Adil Hüseynov 317 milyon, Adil Mikayılov 80 milyon, Erhan Cavad Yavuz 170 milyon, Ratmir Bəkirov 52 milyon manatın üzünü görməyiblər və bütün əmlaklarını satsalar belə heç 3-4 milyon qaytara bilməzlər. Bu adamlar birbaşa Cahangir Hacıyevin adamlarıdır. Bu kreditlər birbaşa Beynəlxalq Bank rəhbərliyinin göstərişi, tapşırığı ilə verilən məbləğlərdir. Tutulanlar isə sadəcə icraçılardır. Şirkətlərdə direktor vəzifəsinə təyin olunublar, maaşlarını alıb sənədlərə qol çəkiblər. Onlar milyonluq kreditlərin sənədlərini görüblər. Göstərişləri yerinə yetiriblər. Adil Hüseynov və Erhan Yavuz cavandırlar, digər 2 şəxsi isə yaşlı adamlardır. Onlar 1 qəpiyin yiyəsi olmaya-olmaya həbsdədirlər".
C.Hacıyevin 51 faizi dövlətə məxsus olan Beynəlxalq Banka rəhbərliyi dövründə bankın ümumi kapitalının həcmi 8 milyard manat olub. Həmin pulun 6 milyard manatı bu gün problemli, geri qaytarılması müşkül olan kredit şəklində paylanıb. K.Nəsibovun açıqladığı faktlardan məlum olur ki, kreditlərdən azı 619 milyon manatı C.Hacıyevin özünə çatıb.
Cahangir Hacıyev ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun qudasıdır. C.Hacıyevin bu maxinasiyaları və digər cinayətləri sabiq nazirlə əlbir həyata keçirdiyi iddia olunur. (musavat.com)
875 dəfə oxundu