İran kartofunda aşkar olunmuş xəstəlik insan orqanizminə necə təsir edir?

İran kartofunda aşkar olunmuş xəstəlik insan orqanizminə necə təsir edir?


Bir neçə gün əvvəl İrandan Azərbaycana gətirilən 48 ton ərzaqlıq kartofda kartof güvəsi (Phthorimaea operculella Zell.) və gövdə nematodu (Ditylenchus dipsaci Filipjev) aşkar edilib. Aşkar edilən gövdə nematodunun zərərsizləşdirilməsi mümkün olmadığı üçün məhsul İrana geri qaytarılıb.

Azərbaycana təkcə İrandan yox, bir neçə ölkədən kartof idxal olunur. Bəs ölkənin özünün kartof tələbatını ödəmək potensialı varmı?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov virtualaz.org-a açıqlamasında bildirib ki, Azərbaycanın özünün kartof tələbatını ödəmək imkanı var. Onun sözlərinə görə, ölkənin illik kartof tələbatı 1 milyon 400 min tondur:

- Bunun 1 milyon 200 min tonu ərzaq, 200 min tonu isə toxumluq kartofdur. Əfsuslar olsun ki, Azərbaycan bu tələbatın yalnız bir hissəsini ödəyə bilir. Keçən il ölkədə 830 min ton kartof istehsal olunub. Son illər 160 min ton kartof idxal edir, bu da əhalinin istehlak tələbatını tam ödəmədiyi üçün daxili bazarda qiymət digər ölkələrlə müqayisədə 2-3 dəfə bahadır. Başqa sözlə, təklif tələbata uyğun deyil. Bunun səbəbi istehsala ciddi fikir verilməməsi, onun çox aşağı olmasıdır. Azərbaycanda hər hektara 15 ton kartof istehsal olunur ki, bu da digər ölkələrlə müqayisədə 2 dəfə azdır.

- Azərbaycana əsasən hansı ölkələrdən kartof idxal edilir?

- Rusiya, İran, hətta ərəb ölkələrindən də ölkəyə kartof gətirilir. Bir müddət əvvəl Polşadan, Pakistandan da kartof idxal edilib. Ayrı-ayrı vaxtlarda Misir, Türkiyə və Gürcüstandan kartof alınıb.

- İrandan gətirilən kartofda xəstəlik aşkarlanması gələcəkdə bu ölkədən kartof idxalına təsir edə bilərmi?

- O kartofda aşkarlanan sadəcə zərərvericidir. O zərərvericilər isə artıq ölkədə var. Əvvəllər kartof güvəsi Azərbaycanda olmayıb, bu zərərverici son 3-4 ildə ölkədə yayılıb və bu da idxal olunan kartoflar vasitəsilə gəlib. Bu kartoflarda güvə, yaxud da digər zərərvericilərin aşkar olunması idxala təsir etməyəcək.

-Kartofda aşkarlanan zərərvericilər insan sağlamlığı üçün nə dərəcədə təhlükəlidir?

- Onların insan sağlamlığına heç bir təsiri yoxdur. Bu zərərvericilər yalnız kartofun məhsuldarlığını aşağı salır. Yeganə zərəri bitkiyə, onun meyvəsinədir. Amma ola bilsin ki, digər ölkələrdən insan orqanizmi üçün zərərli olan mikrob ölkəyə gəlsin. Bitkinin zərərvericisi isə insanı xəstələndirmir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
965 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...