Azərbaycanda 51 yanacaqdoldurma məntəqəsi bağlandı - RƏSMİ
Ötən il Azərbaycanın bəzi rayon və şəhərlərində lisenziyaları bitmiş 51 yanacaq və maye qaz doldurma məntəqələrinin fəaliyyəti dayandırılıb. Bu barədə APA-ya Energetika Nazirliyindən bildirilib. Nazirlik tərəfindən hesabat dövründə aparılmış araşdırma nəticəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Qusar, Ağcabədi, Tovuz, Qazax, Abşeron, Göygöl, Gədəbəy, Ağstafa, Ağdam, Yevlax, Zaqatala, Sabirabad, Şabran, Siyəzən, Qəbələ, Tərtər, Samux, Ucar, Şəmkir, Lənkəran, Beyləqan, Bərdə, İmişli, Xızı, Hacıqabul rayonlarında xüsusi razılıqlarının müddəti bitmiş və yeni açılmış 51 yanacaq və maye qaz doldurma məntəqələri müəyyən edilib və onların fəaliyyətlərinin dayandırılması üçün nazirlik tərəfindən qərarlar verilib.
Bu qərarların surətləri müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Ərazi Vergilər İdarələrinə və Rayon İcra Hakimiyyətlərinə göndərilib. Görülmüş tədbirlər nəticəsində onlardan doqquzunun xüsusi razılıqlarının müddəti uzadılıb. Həmçinin, lisenziyasız neft və qaz məhsullarının satışı ilə məşğul olan 22 hüquqi və fiziki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə (qanunsuz sahibkarlıq) əsasən tədbirlərin görülməsi üçün Vergilər Nazirliyinə məlumatlar göndərilib.
"Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" ölkə başçısının 19 oktyabr 2015-ci il tarixli fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyinin (hazırda İqtisadiyyat Nazirliyi) müraciətinə əsasən, iki hüquqi şəxsə neft məhsullarının satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması ilə bağlı müsbət rəy verilib.
932 dəfə oxundu