“İqtisadi islahatlar ilinin ilkin nailiyyətləri“ - Qaradağda
Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan ölkəmizin sosial-iqtisadi inkişafı siyasəti müvəffəqiyyətlə davam edir
Aparılan uğurlu siyasətin nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadiyyatın bütün sahələrində yüksək nailiyyətlər əldə olunmuşdur. Qəbul edilmiş Dövlət Proqramlarının, o cümlədən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində respublikanın bütün regionlarında yeni istehsal, emal və xidmət sahələri yaradılmış, yüz minlərlə yeni iş yeri açılmışdır.
Ölkədə əhalinin firavan həyat şəraitinin daima yaxşılaşdırılması, məşğulluq səviyyəsinin artırılması və işsizlik probleminin aradan qaldırılması dövlət başçısı cənab İlham Əliyevin fəaliyyət istiqamətlərinin əsas prioritetlərindən biridir. Son zamanlar ölkə rəhbəri tərəfindən qəbul edilmiş fərman və sərəncamlar qeyd olunanların bariz nümunəsidir.
Cari ilin 26 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən “Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı tərəfindən 2016-cı ilin ciddi iqtisadi islahatlar ilinə çevrilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi, daxili bazarda qiymət intizamına nəzarət etməklə süni bahalaşmaya yol verilməməsi və digər zəruri tədbirlərə dair mərkəzi və yerli icra hakimiyyəti orqanları və əlaqədar təşkilatlar qarşısında mühüm vəzifə və tapşırıqlar qoyulmuşdur.
Qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrasına müvafiq olaraq Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 10 fevral 2016-cı il tarixli 19 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti sisteminə daxil olan aidiyyəti dövlət qurumların və qeyri hökumət təşkilatlarının nümayəndələrindən ibarət xüsusi qərargah yaradılmışdır.
Qərargahın fəaliyyətinin mütəşəkkil və səmərəli təşkil olunması, qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrasını layiqincə təmin etmək məqsədilə “Tədbirlər Planı” hazırlanmış və təsdiq olunmuşdur.
“Tədbirlər Planı” üzrə rayonun prioritet istiqamətləri müəyyənləşdirilmiş və müvafiq təkliflər hazırlanmışdır.
Rayonun inzibati ərazisində istehlak mallarının qiymətlərinə nəzarət edilməsi və süni bahalaşmaya yol verilməməsi məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə yaradılmış komissiya tərəfindən ötən müddət ərzində rayonun inzibati ərazisində fəaliyyət göstərən topdan və pərakəndə satış müəssisələrində, həmçinin kənd təsərrüfatı məhsullarının satışı bazarlarında süni qiymət artımına yol verilməməsi məqsədilə gündəlik olaraq ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinə nəzarət olunmuşdur.
16 fevral 2016-cı il tarixində Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə rayon inzibati ərazisində fəaliyyət göstərən aidiyyəti dövlət müəssisə və təşkilat rəhbərlərinin, bələdiyyələrin və sahibkarların iştirakı ilə növbəti işgüzar görüş keçirilmişdir.
Görüşdə sahibkarlığın inkişafına yaradılmış əlverişli biznes mühitindən səmərəli istifadə etməklə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli xammala üstünlük verməklə məhsul istehsalı həcminin artırılması, sahibkarların fəaliyyəti ilə bağlı qarşıya çıxan problemlərin öyrənilməsi və onların həllinə köməklik göstərilməsi istiqamətində geniş fikir mübadiləsi aparılmış və yaradılmış qərargahla sıx əməkdaşlıq göstərilməsi sahibkarlara tövsiyə olunmuşdur.
Dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ötən müddət ərzində rayonda əhalinin məşğulluq səviyyəsinin artırılması və yeni iş yerlərinin yaradılması istiqamətində bir sıra mühüm addımlar atılmışdır.
Belə ki, 30 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Qaradağ rayonu ərazisində fəaliyyət göstərən “Mətanət-A” şirkətinin Yeni Ağdağ gips zavodu fəaliyyətə başlamış və həmin zavodda 300 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.
Ümumilikdə ötən müddət ərzində dövlət və qeyri dövlət müəssisələri tərəfindən mövcud olan 1132 boş vakansiya üzrə 698 nəfər qeyri məşğul əhali müvafiq işlə təmin edilmiş və bu sahədə məqsədyönlü tədbirlər davam etdirilməkdədir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 saylı Qərarına müvafiq olaraq rayonun Lökbatan, Sahil, Qızıldaş, Ələt və Puta qəsəbələrində mövcud olan 274 ədəd qəzalı qamış və taxta konstruksiyadan ibarət yaşayış sahələrinin sökülərək yeni yaşayış binalarının tikintisi nəzərdə tutulmuşdur. Təkcə Lökbatan qəsəbəsində 14 yeni yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Tikiləcək yeni yaşayış binalarında qeyri məşğul əhalinin 600-650 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.
Qeyd olunan tədbirlərlə yanaşı Rayonun inzibati ərazi dairəsində infrastruktur və sosial yönümlü layihələrin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.
Belə ki,
- Sahil qəsəbəsində 9 nömrəli xüsusi internat məktəbində 180 yerlik yeni tədris korpusu inşa edilərək istifadəyə verilmişdir.
- Puta qəsəbəsində 120 yerlik 326 nömrəli uşaq bağçasının tikintisi başa çatdırılmışdır.
- Qobustan qəsəbəsində 60 çarpayılıq 17 nömrəli Birləşmiş şəhər xəstəxanası inşa edilmişdir. Xəstəxanada poliklinika, stasionar, təcili yardım və doğum şöbələrinin fəaliyyəti nəzərdə tutulmuşdur.
- Qobustan qəsəbəsində 80 yerlik “Şəngülüm” uşaq bağçası (körpələr evi) əsaslı təmir olunmuşdur.
- Heydər Əliyev Fondu tərəfindən Lökbatan qəsəbəsində 120 , Ümid qəsəbəsində isə 100 yerlik uşaq bağçalarının tikintisi davam etdirilir.
- Heydər Əliyev Fondu tərəfindən Ələt qəsəbəsində 120 yerlik yeni uşaq bağçasının layihə smeta sənədləri hazırlanmış və tikintisi planlaşdırılır.
- Qızıldaş qəsəbəsində 350 yerlik Mədəniyyət Evinin tikintisi davam etdirilir.
- Rayonun Puta, Ələt, Səngəçal və Qobustan qəsəbələrində idman komplekslərinin tikintisi davam etdirilir.
Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən ölkə başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası istiqamətində tədbirlərini davam etdirir.
993 dəfə oxundu