Azərbaycanda onkoloji xəstələrin sayı artıb

Azərbaycanda onkoloji xəstələrin sayı artıb


Azərbaycanda onkoloji xəstələrin sayı artıb. Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında” hesabatda qeyd edilib. Hesabatda bildirilib ki, ölkədə onkoloji xəstələrin sayı hər 100 min nəfərə 2014-cü ilə (101) nisbətən 2015-ci ildə (106,8) bir qədər artıb. Bu göstərici 2010-cu ildə 90,2, 2011-ci ildə 92, 2012-ci ildə 93 olub.

B və C hepatiti ilə mübarizə tədbirlərinin gücləndirilməsi məqsədi ilə Səhiyyə Nazirliyində yaradılmış müvafiq komissiya tərəfindən 3501 nəfər xəstə müayinədən keçirilib. Onlardan 2356 nəfəri müalicəyə cəlb edilərək pulsuz dərman preparatları ilə təmin olunub.
Vərəmli xəstələrin aktiv müalicəyə cəlb olunması, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi nəticəsində epidemioloji vəziyyətin stabilləşməsinə nail olunub. Son 3 ildə bu sahədə dinamik azalma tendensiyası müşahidə olunur. Əhalinin hər 100 min nəfərinə düşən vərəmli xəstələrin sayı 2013-cü ildə 50,1 nəfər, 2014-cü ildə 45,7 nəfər, 2015-ci ildə isə 42 nəfər olub.

Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı çərçivəsində bu xəstəliyə tutulmuş 515 xəstə barədə məlumatlar elektron registrə daxil edilib. Hazırda respublikada fəaliyyət göstərən 34 hemodializ mərkəzində 2800-dən çox xəstə hemodializ seansları ilə təmin olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
865 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...