Təhsil müdirləri yazıb-oxuya bilməyən məzunlara görə nazirliyə çağrıldılar
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ötən ilin yekunlarına dair hesabatında 9 və 11-ci siniflər üzrə 100 nəfər məzunun yazıb-oxuya bilmədiyini qeyd edilib. Bu məlumat ciddi müzakirələrə yol açıb, hətta sensasiya doğurub...
Hesabata əsasən, 11-ci siniflər üzrə Sabirabad rayonunda 6 nəfər, Hacıqabul rayonunda 3 nəfər, Tovuz rayonunda 2 nəfər, Daşkəsən, Gədəbəy, Qazax, Goranboy, İmişli, Astara, Lerik, Yardımlı və Masallı rayonlarının hərəsində 1 nəfər, 9-cu siniflər üzrə Astara rayonunda 12 nəfər, Sabirabad rayonunda 9 nəfər, Lerik rayonunda 8 nəfər, Gədəbəy, Tovuz, Cəlilabad və Masallı rayonmlarının hər birində 4 nəfər, Qazax, Goranboy və Bərdə rayonlarının hərəsində 3 nəfər, Daşkəsən, Şəmkir, Ağstafa, Ağcəbədi, Ağdaş, Yardımlı və Hacıqabul rayonlarının hərəsində 2 nəfər, Qax, Kəlbəcər, Qəbələ, Ordubad, Xızı, Ağdam, Xaçmaz və Cəbrayıl rayonlarının hərəsində 1 nəfər oxuyub-yazmağı bacarmır.
TQDK-nın nümayəndəsi Nəsimi Kazımov Modern.az-a açıqlamasında yazıb-oxumağı bacarmayanlar haqqında əlavə məlumatın verilməsinin mümkünsüzlüyünü qeyd edib. Lakin o, vurğulayıb ki, hansı Təhsil şöbələrindən həmin şagirdlər haqqında maraqlanan olubsa, onlara məlumatlar göndərilib.
Modern.az saytı adları çəkilən rayonlardan bəzilərinin Təhsil şöbələri əlaqə saxlamağa çalışıb. Lakin əksər Təhsil şöbələrinin müdirlərinin yerlərində olmadığı bildirilib.
Təhsil şöbələrindən verilən məlumata görə, şöbə müdirləri Təhsil Nazirliyinə çağrıldığı üçün hazırda işdə deyillər. İşçilər bildiriblər ki, şöbə müdirləri bu gün Bakıya yola düşüblər.
Təhsil Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmadı.
964 dəfə oxundu