Nərimanovda Laçının işğalı ilə bağlı tədbir
Nərimanov rayonunda Laçın rayonunun işğalı günü ilə bağlı anım tədbiri keçirilib. 18 may 2016-cı il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsində Laçın rayonunun işğalı günü ilə bağlı Nərimanov rayon gənclərinin iştirakı ilə anım tədbiri keçirilib.
İlk öncə Laçının işğalı zamanı şəhid olan, Qarabağ uğrunda canından keçən, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Anım tədbirini giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Azərbaycanın ərazi bütövlüyünün qorunmasında mühüm strateji əhəmiyyətə malik olan Laçın rayonunun 24 il əvvəl erməni silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı ətraflı məlumat verdi. N.Novruzov qeyd etdi ki, 1992-ci il may ayının 17-18-də erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan etmişdir. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşmüş, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalmışdır.Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən mayın 18-də Laçını işğal etmişdir. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmuşdur.
Sonra Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədr müavini Asəf Cabbarlı, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının fakultə sədri İranə Axundova və digər natiqlər çıxış edərək qeyd etdilər ki, Xocalı soyqırımını törədən ermənilər cəzasız qaldıqlarından öz vəhşi hərəkətlərini davam etdirirdilər. Növbəti hədəf Şuşa və Laçın idi.
Bu şəhərlər də siyasi oyunların, çəkişmələrin, xəyanətin qurbanı oldu. 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışdılar və bildirdilər ki, düniyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.
Sonda qeyd edildi ki, bu gün hər bir azərbaycanlı Qarabağın işğal altından qurtulacağı günü gözləyir. Qarabağa böyük qayıdışın olacağına hamımız inanırıq!
798 dəfə oxundu