"Tərbiyəmi qısa paltarıma görə ölçürsünüzsə, sizə sözüm..."- Səmra COŞDU
"Eurovision 2016" təmsilçimiz Səmra Rəhimli ATV-də yayımlanan "5-ci element" verilişinin qonağı olub. S.Rəhimli müsabiqə ərəfəsində gəzən söz-söhbətlərə son qoyub. S.Rəhimli bildirib ki, tərbiyə libasın açıq-saçıqlığı, qısalığı ilə ölçülmür:
"Siz mənim qısa geyimimi tərbiyəsizlik kimi görürsünüzsə, bəs qız xeylağının şərh bölməsində söyüş işlətməsi nə dərəcədə tərbiyəlidir? Mən başa düşə bilmirəm ki, mənim paltarlarımda qeyri-adi nə var idi? Öz ölkəmizdə görmədiyimiz nə var idi axı? Mən şəhərə çıxanda ondan da açıq geyinənlər görürəm. Buna normal baxıram. Mən də geyinmişəmsə, özüm bilərəm. Bəyənmirsinizsə, siz geyinməzsiniz. Əvvəllər qısa paltarlarıma görə başladılar yazmağa. Sonra qəflətən ortaya çıxan şəkildən sonra artıq-əksik yazmağa başladılar. O şəkildə elə də pis bir şey yox idi, adi şəkildir də...Sənət yoldaşlarım, onların qohumları sosial şəbəkələrdə saxta profillərlə mənə xoşagəlməz sözlər yazırdılar. Üstəlik, ingilis dilində yazırdılar. Özümüzünkülərin yazdığını görən ermənilər ondan qat-qat pisini yazırdılar. Axı nəyə lazımdır? Siz onu yazmaqla nə olur? Düşünürəm ki, hamısı savadsızlıqdandır, işsiz-gücsüz insanlardır. Otururlar ki, həyatımı necə rəngarəng edim, şərh yazmaqla məşğul olurlar".
S.Rəhimli sözügedən şəkilin necə çəkilməsindən də danışıb: "Konsertə baxırdıq. Həmin hollandiyalı iştirakçı da gəldi ki, gəlin şəkil çəkdirək. Və anidən məni qucağına qaldırdı. Özüm də şok oldum, tutmağa yer axtarırdım. Ani şəkil çəkdi. Orada bizim kollektiv də təəccüblənmişdi ki, Səmra az qalsın yıxılmışdı. Fransanı təmsil edən oğlanı da qucağına qaldırdı. Heç kim bu qədər şişirtmədi. Təkcə bizimkilər. Bir çoxlarının belə şəkilləri var ki, efirdə yoxdur. Kim isə uzun libas geyinib özünü sakit aparır, amma haqlarında nələr eşidirsən. İndi mən qısa geyinmişəm nə olsun. Əgər tərbiyəmi mənim qısa paltarıma görə ölçürsünüzsə, mənim sizə sözüm yoxdur".
S.Rəhimli tənqid yazanlara təşəkkür edib: "Çox sağolun, sizin sayənizdə məni nə qədər sevənlərin olduğunu gördüm. Mənim tərəfimdə olan çoxsaylı insanları, dəstəkləyənləri gördüm. Ona görə, hamıya təşəkkür edirəm".
952 dəfə oxundu