Avropa Oyunları manatı xilas edəcək...

Avropa Oyunları manatı xilas edəcək...

Dünyada baş verən siyasi gedişlər qara qızılın qiymətdən düşməsinə gətirib çıxardı. Bu neqativ durumun təsiri milli valyutamız olan manatdan da yan keçmədi. Yumuşaq olmasa da devalvasiya qaçılmaz oldu. Lakin bəzi ekspertlər bu vəziyyətin ilin ikinci yarısından sonra davam edəcəyi ilə bağlı müəyyən fikirlər səsləndirir. Ancaq görünən odur ki, manat son günlərdə beynəlxalq valyutalar qarşısında möhkəmlənməyə başlayıb.

Bütün hallarda hazırki iqtisadi durum ikinci devalvasiya olacağını göstərir mi?

Bu haqda AzVision.az-a danışan iqtisadçı Aydın Hüseynov bildirib ki, milli valyutanın ilk devalvasiyası qlobal müstəvidə artıq sistemli xarakter alan böhran təmayüllərinin pressinqi altında baş verib. “Bu əslində prosesin sistemdənkənar gedişi olmaqla, rəqabətqabiliyyətliliyə, alıcılıq qabiliyyətinə mənfi təsir göstərməklə, valyuta dempinqinə şərait yaradan faktordur. Milli valyutanın dəyər dəyişkiliyinə məruz qalma proseslərinin tsiklik xarakter daşıması, əslində problemin “idarəedilmə” imkanlarını əhəmiyyətli dərəcədə artırır.

Eyni zamanda neftin qiyməti süni şəkildə ölkələrə təzyiq edilməsi üçün aşağı salınsa da bu uzun çəkən proses olmayacaq. Çünki, kəskin azalma özündən sonra bahalaşma gətirir. Nəzərə alsaq ki, bu oyunların arxasında daha çox enerjiyə ehtiyacı olan Avropa dayanır. Bu təzyiq bumeranq rolunu oynayacaq”.

A.Hüseynov hesab edir ki, bu gün manat faktiki olaraq həqiqi bazar qiymətini almağa doğru gedir. Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatlarının həcmi 2015-ci il iyun ayının 1-nə 8 430,8 mln. ABŞ dolları təşkil edib. Bu, mayın 1-nə olan göstərici ilə müqayisədə 42,9 mln. dollar və ya 0,5% çoxdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə rəsmi valyuta ehtiyatları 6 660,5 mln. dollar və ya 44,1% azalıb. Eyni zamanda cari ilin iyun ayının 1-i vəziyyətinə Azərbaycanda pul bazasının həcmi 7 597,3 mln. manat təşkil edib. Bu, may ayının 1-nə olan analoji göstəriciyə nisbətən 178,7 mln. manat və ya 2,4% çoxdur. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə pul bazasının həcmi 3 674,9 mln. manat və ya 32,6 % azalıb”.

Bundan başqa qeyri-neft sektorunun inkişaf etdirilməsi manatın ikinci dəfə devalvasiya dalğasına məruz qalmasının bir başa qarşısını alacaq: “Manat və avro arasındakı məzənnənin müəyyənləşdirilməsi və manatın avroya nisbətən möhkəmlənməsinin müəyyən qədər qarşısının alınması Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru üzrə ixracatının artmasına gətirib çıxaracaq. Neft gəlirləri bu gün samballı ictimai sərmayə mənbəyidir. Bu gəlirlərin insan kapitalına transformasiyası davamlı olaraq həyata keçirilir. Gəlirlər eyni zamanda qeyri-neft sektorunda inkişafın təkanverici qüvvəsidir.

Məsələn: Azərbaycanda istehsal olunan məhsullar avro ilə satışa çıxarılanda daha bahalı olur. Nəzərə alsaq ki, hal-hazırda Azərbaycanda istehsal olunan və qiyməti 100 manat olan məhsul Avropa bazarına çıxarılsa, o zaman bu Avropada 115 avroya təklif ediləcək.”.

İqtisadçı bildirib ki, Azərbaycanda iqtisadi fəlakət üçün narahatlığa ehtiyac yoxdur. Çünki, mövcud durum onu deməyə əsas verir ki, yaxın illərdə ölkədə iqtisadi böhran üçün münbit şərait yoxdur.

“Bakı 2015” ilk Avropa Oyunlarının keçirilməsi də ölkə iqtisadiyyatına öz təsirini göstərəcək.

“Avropa Oyunları müasir idman infrastrukturunun yaradılmasına səbəb oldu. Bu cəhətdən yeni inşa olunan obyektlər Azərbaycanda həm idmanın inkişafına xidmət edəcək, həm də gələcəkdə ölkədə böyük idman tədbirlərinin təşkili üçün şərait yaradacaq. Yəni, növbəti illərdə Azərbaycan az maliyyə vəsaitləri xərcləməklə də uzun müddət ərzində ən böyük idman tədbirlərini təşkil etmək imkanlarına malik olacaq. Eyni zamanda xərclənmiş vəsaitlərin bir hissəsi oyunların sonuna kimi qazanc formasında çıxarılacaq. Digər hissəsi isə tədricən. Həmçinin Avropa Oyunları zamanı xaricdən Azərbaycana gələcək insanlar özləri ilə gətirəcəkləri avro və dollar vəsaitlərini manata çevirəcəklər. Bu isə manatın kursunun möhkəmlənməsinə təsir edəcək. Bütövlükdə götürdükdə isə, Avropa Oyunlarına hazırlıq işlərinə sərf olunan vəsait itməyəcək. Digər tərəfdən isə qoyulan vəsait Azərbaycanda sosial, maliyyə və iqtisadi effekt yaradacaq”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 670 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...