“Qafqaz Albaniyası – əsrlərdən miras qalmış tarixi və mədəni irsimiz”
“Bakı Gənclər Klubu” İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Qafqaz Albaniyası – əsrlərdən miras qalmış tarixi və mədəni irsimiz” adlı layihənin icrasına başlayır.
Layihənin məqsədi - gənc nəslin Qədim Qafqaz Albaniyası tarixinə, mədəniyyətinə və ümumiyyətlə milli irsimizə marağını artırmaq, gənclər arasında əsrlərdən miras qalmış tarixi və mədəni irsimizin təbliği və yerli əhalinin bu qiymətli abidələrin qorunmasına cəlb etməkdən ibarətdir.
Birliyin sədri Azər Cavadov layihə və görüləcək işlər haqqında məlumat verib və qeyd edib ki, Qafqaz Albaniyası tarixi və mədəniyyətinin öyrənilməsi -Azərbaycan tarixinin öyrənilməsi nöqteyi-nəzərdən son dərəcə aktual bir mövzudur, çünki Azərbaycan tarixində mühüm yer tutmuş Qafqaz Albaniyası bir çox cəhətdən – tarixi, mədəni, coğrafi, siyasi, dini-ideoloji və Azərbaycan xalqının etnogenezi probleminin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Həmçinin nəzərə alsaq ki, bədnam qonşularımız bu tarixi və mədəni irsimizə bu gün də sahib çıxmağa çalışırlar, bu tarixi səhifənin gənclər tərəfindən yaxından öyrənilməsi, nə dərəcədə aktual və müasir dövrün tələbi olduğunu sübut edir.
Layihə çərçivəsində hazırlıq işləri bitdikdən sonra gənclər üçün respublikamızın şimal-qərb bölgəsində yay düşərgəsi təşkil olunacaq, Şəki, Oğuz, Qəbələ, Qax rayonlarında yerləşən və Qafqaz Albaniyası dövrünə aid olan tarixi abidələrinə səfərlər həyat keçiriləcək. Layihənin sonunda əldə olunan foto-video materiallar əsasında “İçəri Şəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda bu abidələrin hazırkı vəziyyəti və ictimaiyyət tərəfindən qorunması çağırışını əks etdirən sərgi təşkil olunacaq. Layihə 3 ay davam edəcək.
833 dəfə oxundu