“Bank Standard”ın rəhbərliyi dəyişib
3 avqust 2016-cı il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının ”Bank Standard” KB-yə təyin etdiyi müvəqqəti inzibatçılıq başa çatır və bankın idarəetməsi yeni İdarə Heyətinə keçir.
Palatadan “APA-Economics”ə verilən məlumata görə, son illər ”Bank Standard” kommersiya bankının idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan investisiya layihələrinin maliyyələşdirilməsi onun maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına səbəb olub. Bunun nəticəsində bankın likvidlik və kapital mövqeyi zəifləyib, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranıb. Bankda yaranmış problemlərin tənzimlənməsi məqsədilə palata tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib.
Bankın sistem əhəmiyyətini nəzərə alaraq, iyulun 4-də onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasitəsilə sanasiya edilməsi haqqında qərar qəbul olunub. Bu proses çərçivəsində “Azər-Türk Bank” ASC tərəfindən “Bank Standard” KB-nin idarəedici orqanlarına yeni üzvlər təklif olunub və MBNP tərəfindən müsbət qiymətləndirilib.
Avqustun 2-də palatada “Azər-Türk Bank” ASC rəhbərliyi və “Bank Standard” KB-nin təklif olunan yeni İdarə Heyət rəhbərliyi ilə görüş keçirilib və bankın gələcək inkişaf strategiyası müzakirə edilib. MBNP rəhbərliyi “Bank Standard” KB-nın maliyyə dayanıqlılığının gücləndirilməsi istiqamətində təklif və tövsiyələrini verib və yeni menecmentə lazımi dəstək göstərməyə hazır olduğunu bildirib.
778 dəfə oxundu