Zakir Həsənov xarici ölkələrdəki hərbi attaşelərlə görüşüb
Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələri ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, naziri görüş iştirakçıları qarşısında geniş məruzə ilə çıxış edib. Z. Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində orduda bütün istiqamətlər üzrə aparılan islahatların əhəmiyyətindən danışıb.
Cəbhə xəttindəki son vəziyyətdən danışan müdafiə naziri Silahlı Qüvvələrin təşkilat-ştat strukturunun təkmilləşdirilməsinin, ordunun müasir silah-sursat, zirehli texnika və döyüş vasitələri ilə təchiz edilməsinin, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması məqsədilə yeni poliqonların istifadəyə verilməsinin və müxtəlif qoşun növlərinin cəlb olunması ilə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklərin, xidməti və daimi mənzillərin istifadəyə verildiyini vurğulayaraq bu sahədə görüləcək işlər və digər tədbirləri hərbi attaşelərin diqqətinə çatdırıb.
Həyata keçirilən xidməti fəaliyyətlərə, o cümlədən xarici hərbi prioritetlərimizə dair geniş məruzənin sonunda general-polkovnik Z.Həsənov şəxsi heyət qarşısında duran məqsəd və tapşırıqları müəyyən edib, qarşıya konkret vəzifələr qoyub və tövsiyələrini verib.
739 dəfə oxundu