Tərtərdə böyük abadlıq - FOTOLAR
Tərtərdə aprel döyüşlərində dağılmış evlərin bərpası ilə yanaşı tikinti, abadlıq-quruculuq işləri də surətlə davam edir. Erməni silahlı qüvvələrinin aprel ayında artilleriya atəşi nəticəsində Tərtər rayonunda mülki əhaliyə məxsus dağılmış evlərin bərpası davam etdirilir.
Bərpa və təmir işləri Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 2 may tarixli Sərəncamına əsasən aparılır.
Rayon ərazisində zərər çəkmiş evlərdən artıq 5-də bərpa, 15-də təmir işləri başa çatıb. Hazırda bir evin tikintisi, 3 evin bərpası, 3 evin təmiri davam etdirilir.
Aprel ayında düşmənin atəşi nəticəsində Tərtər rayonunda məcburi köçkünlərin məskunlaşdıqları 51 ev də zərər çəkib. Bu evlərin təmiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
Qismən zərər çəkmiş 130 evə Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən mal-material paylanılıb.
Tərtər şəhərində düşmənin artilleriya atəşi nəticəsində daha çox dağıntıya məruz qalmış Fikrət Əmirov küçəsində infrastruktur yenidən qurulub, küçənin elektirik, qaz xətləri yenidən çəkilib, divarlar ağlay daşı ilə üzlənib, yola yeni asfalt örtüyü döşənib.
Rayanda digər sahələrdə də tikinti, abadlıq-quruculuq işləri surətlə davam etdirilir. Hazırda Tərtər şəhərində yeni tikilən 100 yerlik uşaq bağçasında, şahmat məktəbində, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasında son tamamlama işləri aparılır. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 6 fərdi ev inşa edilir. Rayon tarix-diyarşünaslıq muzeyinin tikintisinə başlanılıb.
798 dəfə oxundu