''Polisi bu vəziyyətə gətirən vətəndaşdır''
Bakı şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov gənc fəal Bəxtiyar Hacıyevlə polis əməkdaşı arasında yaşanan insidentə münasibət bildirib. V. Əsədov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, əgər Bəxtiyar Hacıyev ona yol polisi tərəfindən hər hansı kobudluq nümayiş etdirildiyini hesab edirsə, idarəsinin qapısı onun üzünə açıqdır:
“O məsələni niyə gəlib bizə demək əvəzinə ictimailəşdirir? Görəsən, burada hansı məqamlar var? Bir- birimizə bəzən düşünmədən hansısa sözlər deyirik, sonra peşmançılıq çəkirik, üzr istəyirik, bağışlayırıq. Təbiidir, adamlar bir-birinə nəsə deyə bilər. Mən onların yanında olmamışam. Bütün şikayətlər araşdırılır, rəhbərlik səviyyəsində məruzə olunur. Kim ki funksional vəzifəsinə düzgün yanaşmırsa, hardasa kobudluğa, səhvə yol veribsə, vətəndaş-polis münasibətlərini unudursa, sözsüz ki, cəzasını çəkir. Başqaları niyə polislə hər gün mübahisə yaşamır? Deməli, ortada hansısa narahatlıqlar var.
Bəxtiyar Hacıyev hər zaman polisə qarşı tənqidi mövqedən çıxış edirsə, bəs mən niyə ona qarşı aqressiv deyiləm? Bu yanlış düşüncədir. Hər halda küçə və yollar üzrə təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidmət göstərən Yol Patrul Xidməti müfəttişinin Bəxtiyar Hacıyevi izləməyə vaxtı yoxdur. Onu mən maraqlanıram, bilirəm.
Haqlı yazılara görə araşdırma aparılır, cəzalarımız da var. Mənə Bəxtiyar Hacıyevlə insident yaşandığı haqqında məruzə edilməyib. Əslində isə bu insidentin yaşanmasında bir problem var. Problem də odur ki, polisi bu vəziyyətə gətirən vətəndaşdır. Əgər polis əməkdaşı öz hərəkətləri ilə vətəndaşa qarşı səhvə yol verirsə, vətəndaş da sadə formada onun cəzalandırılmasını tələb edə bilər. Polis əməkdaşının üstündə texniki vasitə var. Səsyazma, görüntülər var. Həmin görüntülərə, səslərə qulaq asırıq. Polis haqsızdırsa, cəza alır. Üzərində bu qədər texniki vasitələri olan polis əməkdaşları kobudluğa yol verərmi? Bu inandırıcı deyil”.
781 dəfə oxundu