Himayəsində 6 uşaq olan Bakı sakini: ''Nazirlik deyir ki, sosial yardım düşür, amma vermirlər''
Himayəsində 6 uşaq olan Bakı şəhər sakini 2 ildir sosial yardım almaq üçün döymədiyi qapı qalmayıb. Sosial yardım alması üçün tələb olunan bütün sənədləri hazır olsa da vətəndaş iddia edir ki, yardımın ayrılması üçün ondan rüşvət tələb olunur.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi A.Krılov küçəsi ev 27-də yaşayan 1979-cu il təvəllüdlü Əliyev Əkbər Qurbanəli oğlu musavat.com-a müraciət edərək bildirir ki, 2 il əvvələ qədər sosial yardım alsa da indi Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində get-gələ salınır. Əvvəl ondan sosial yardım verilməsi üçün rüşvət tələb edilsə də, indi rüşvət istənilmir. Ə.Əliyev deyir ki, bunun səbəbi nazirliyə və digər dövlət qurumlarına etdiyi şikayətlərdir.
Sosial yardım almaq üçün lazımi sənədlərinin qaydasında olduğunu deyən Ə.Əliyev qarşılaşdığı vəziyyəti belə izah edir: “Hər dəfə bir bəhanə ilə məni geri qaytarırlar. 17 sənəd tələb edirdilər. Mən də bir-bir hamısını topladım. Uzun müddət sənədlərdə səhv axtarmağa başladılar. Əvvəlcə ilk 8 ayın yardımının onlara qalmasını istədilər. Razı olmayandan sonra get-gələ salmağa başladılar. Bütün sənədlər qaydasındadır. Sonra müharibə iştirakçısı olduğumu, əsirlikdə olduğumu deyib guya mənə güzəşt etdilər. Dedilər ki, ilk 4 ayı verərsən. Bununla da razılaşmadım. İndi nə vaxt gedirəmsə, bir bəhanə tapıb geri qaytarırlar. Deyirlər ki, get, biz səni özümüz çağırarıq”.
Ə.Əliyev məsələ ilə bağlı rayon icra hakimiyyətinə müraciət edib, Prezident Administrasiyasına da məktublar göndərib. Lakin bu şikayətlər Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbər şəxslərini daha da qəzəbləndirib: “Sabunçu Rayon İcra Hakimiyyətində sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Qəzənfər Həsənovun qəbulunda olmuşam. Çox gözəl qarşılandım və oradan mərkəzə mənə köməklik göstərilməsi ilə bağlı müraciət edildi. Bu müraciətdən sonra qara günlərim başladı. "Niyə bizdən şikayət etmisən" deyib məni daha da incitməyə başladılar. İndi nə edəcəyimi bilmirəm. 4 uşağım var. Qardaşım vəfat edib. Onun iki körpəsini qəyyumluğa götürmüşəm. Özüm satıcı işləyirəm. Yaşadığımız ev bərbad vəziyyətdədir. Ailəni dolandıra bilmirəm. Sosial yardım almaq haqqımız deyilsə, desinlər istəməyək. Ancaq bu qədər özbaşınalıq olmaz. Niyə mən öz haqqımı kiməsə verməliyəm? 2014-cü ildə sosial yardım alandan sonra icraçı 200 manat istədi. Verəcəyimi dedim. Baş məsləhətçi Sultan Həsənov iş yerimə gəldi və dedi ki, sən fırıldaqçısan. 50 manat verdim, deyir, bu nədir?”.
Narazı vətəndaş deyir ki, 3 dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbulda olub. Ona nazirlikdən bildirilib ki, bütün sənədləri qaydasındadır və sosial yardım almaq üçün rayon şöbəsinə müraciət etməlidir.
“İndi qalmışam nazirliklə rayon şöbəsi arasında. Şöbədən deyirlər ki, sənə sosial yardım düşmür. Nazirlik isə deyir ki, verilməlidir. Öz uşaqlarımla yanaşı anası və atası olmayan iki uşağı da qəyyumluğuma götürmüşəm. Kiçik bir daxmada 6 uşaqla yaşamağa çalışıram. Şöbədən deyirlər ki, “sən bizim hesabımıza varlanmaq istəyirsən”. Bunları başa sala bilmirəm ki, mən öz haqqımı tələb edirəm. Mübahisə edən kimi də deyirlər ki, polis çağırırıq. Adama hədə-qorxu gəlməyə başlayırlar. Müraciət etmədiyim yer qalmayıb. Dərdimizi kimə deyək?”- deyə Ə.Əliyev sual edir.
Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş məsləhətçisi Sultan Həsənov Əkbər Əliyevin iddialarına cavab olaraq musavat.com-a bildirib ki, Ə.Əliyevin sonradan sosial yardım ala bilməməsinin səbəbi onun banklardan birində adına kreditin olmasıdır.
796 dəfə oxundu