“Dini radikalizmlə mübarizədə dini icmaların rolu” - Qaradağda tədbir
Avqustun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaradağ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində rayon ərazisindəki dini icmalar və dindarlarla “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq Ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Bakı şəhəri üzrə şöbənin əməkdaşları, Qaradağ rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi Pərviz Mustafayev, Dövlət Təhlükəsizlik Xidmətinin Qaradağ Rayon şöbəsinin rəis müavini Mehdi Abbasov, Qaradağ rayonunda fəaliyyət göstərən Müşfiqabad, Ələt, Qobustan, Səngəçal, Ümid və Sahil qəsəbələrinin dini icma nümayəndələri, rayon fəalları, ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu, multikulturalizmin ölkəmizdə dövlət siyasəti olmaqla yanaşı, bir həyat tərzi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq Ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov dini radikalizmə qarşı mübarizə metodlarından, bu mübarizədə dini icmaların üzərinə düşən vəzifələrdən, dini maarifləndirmə işinin təşkili prinsiplərindən söhbət açıb.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi, qazi Rahib Babayev ölkəmizdəki sabitliyin və əmin-amanlığın qorunub saxlanılmasında din xadimlərinin fəaliyyəti ilə bağlı ümumi prinsipləri qeyd edərək, bu fəaliyyətin daha mütəşəkkil formada davam etdirilməsinin vacibliyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov çıxışında Qaradağ rayonu ərazisində fəaliyyət göstərən məscidlər və dini icmalarla bağlı ümumi məlumat verərək, rayon ərazisində və ümumilikdə Bakı şəhərində dini radikalizmə qarşı mübarizədə görülən tədbirlərdən, yerli icra strukturları və hüquq-mühafizə orqanları, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi ilə koordinasiyalı fəaliyyətin təşkili nəticəsində əldə olunan müsbət nəticələrdən söhbət açıb. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasəti nəticəsində ölkəmizdə yaranan tolerant mühitin qorunub saxlanılmasının əhəmiyyətini qeyd edib.
Daha sonra tədbir iştirakçıları mövzu ilə bağlı öz fikirlərini və dini radikalizmə qarşı mübarizə yolları ilə bağlı təkliflərini diqqətə çatdırıblar.
Sonda dini icma sədrləri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu və ümumilikdə Respublikamızda dini radikalizmə qarşı mübarizədə görülən mütərəqqi addımlarla bağlı ölkə başçısı cənab İlham Əliyevə təşəkkür məktubunun ünvanlanması təklif olunub və təklif yekdilliklə qəbul olunub.
751 dəfə oxundu