Hüquq müdafiəçisi birinci xanımdan kömək istəyir
Tovuzda nəfəs borusu kəsilərək qətlə yetirilən qadının görüntülərinin sosial şəbəkələrdə yayılması narazılıqlara səbəb olub. Görüntülərdə can verən qadına heç kimin yardım etmədiyi əksini tapıb. Qadın çırpınır, ətrafdan kömək gözləyir, lakin ətrafdakılar bu mənzərəyə seyirçi qalırlar.
“Təmiz Dünya” Qadınlara Yardım İctimi Birliyi isə bu hadisəni və son aylar qadınlara qarşı zorakılığın artmasını nəzərə alaraq kampaniyaya başlayıb. “Son vaxtlar qadınlara qarşı zorakılıq artıb. Hər həftə qadınların qətlə yetirilməsi ilə bağlı məlumatlar oxuyuruq. Evdən qaçan, intihar edən qadınların sayı artır. Məsələn, bu ilin 6 ayında 110 qadın intihar edib. Qətlə yetirilən, intihar edən qadınların görüntülərinin yayılması, dəhşətli hadisələrin uşaqların gözü qarşısında törədilməsi narahatlıq doğurur”, - Mehriban Zeynalova virtulaz.org saytına bildirib.
Hüquq müdafiəçisi zorakılıq qurbanı olan qadınlara yardım edilməsi üçün Azərbaycanın birinci xanımı, Mehriban xanım Əliyevaya müraciət edib. “Qadın hüquqlarının qarantı kimi Mehriban Əliyevaya müraciət edirik. Uzun illər qadın hüquqlarının müdafiəsi, qadınlara qarşı zorakılıq faktları ilə mübarizə aparan, Azərbaycanda qadınlara qarşı törədilən zorakılıq faktlarını yaxından izləyən bir qurum olaraq, qadınlara qarşı gündən-günə artan şiddətdən çox narahatıq. Mütəmadi olaraq fiziki zorakılığa məruz qalan, döyülən, bıçaqlanan, uşaqları əlindən alınıb küçələrə atılan, başı kəsilən, intihar həddinə çatdırılan qadınlar Azərbaycan qadınlarıdır, Azərbaycan anasıdır. Cəmiyyət üçün əsl sosial bəla məhz anaların şiddətə məruz qalmasından başlayır. Ailədaxili zorakılıq görmüş uşağın şəxsiyyət kimi yetişməsi, cəmiyyətə inteqrasiya olunması mümkünsüz olur. Ailədaxili münaqişə zamanı ananın fiziki zorakılığa məruz qaldığını izləyən uşağın psixoloji problemləri yarandığı üçün onların cəmiyyətə inteqrasiyasında müəyyən problemlər yaranmağa başlayır”, - M.Zeynalova söyləyib.
Müraciətdə daha sonra deyilir: “Sizin uşaqların inkişafı, xoşbəxt, parlaq gələcəyi üçün çox böyük töhfələriniz var, məhz bu səbəbdən qadınlara qarşı gündən-günə artan şiddətə, zorakılığa qarşı mübarizədə sizin dəstəyinizi gözləyirik. Azərbaycan xanımı, Azərbaycan anası bu qədər məşəqqətlərə layiq deyil, ailəsi, doğmaları tərəfindən tərk edilən, küçələrə atılan, şəxsiyyəti alçaldılan qadınların sizin dəstəyinizə, qayğınıza çox ehtiyacı var. Azərbaycanın parlaq gələcəyi üçün, Azərbaycan torpağında yeni dahilərin, yeni şəxsiyyətlərin doğulması, onların azad cəmiyyətdə doğulub böyüməsi üçün sizə müraciət edirik”.
Qadın zorakılığına qarşı qadınlar arasında dəstək kampaniyaları keçiriləcək. Qadınlar belə görüntüləri lentə alan və yayımlayanların da cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirlər.
800 dəfə oxundu