Tanınmış iş adamı Hüseyn Büyükfırat ölkəyə buraxıldı
Tanınmış iş adamı Hüseyn Büyükfırat Azərbaycandadır. Bir müddət öncə Azərbaycana gələrkən, sərhəddə problemlə üzləşdiyi üçün Türkiyəyə geri dönən tanınmış iş adamı bu səhər Bakıya gəlib.
Bu barədə, açıqlama verən Hüseyn Büyükfırat bildirib ki, “Biz bu məsələ ilə bağlı yalnışlığın olduğunu bilir və dövlətin bunu araşdırdıqdan sonra qaldıracağına da inanırdıq. Bizim üçün hər zaman Türkiyə ilə Azərbaycan bir dövlət olmuşdur. Mənim gəncliyim, ömrümün ən qaynar dönəmi bu torpaqlarda keçib və özümü ən az Azərbaycan vətəndaşları qədər azərbaycanlı hesab etmişəm. Bu illər ərzində yüzlərlə azərbaycanlı ailəyə sadəcə iş verməmişik, həm də sənət öyrətmişik. Hər zaman da dövlətimizə sadiq olmuşuq. Bizim tək düşmənimiz Azərbaycan ilə Türkiyənin ortaq düşmənləri olub. Onlara qarşı həm Azərbaycanda, həm də Türkiyədə münasibətimiz birmənalı olub. Bu səbəbdən də, erməniyə din qardaşı nəzəri ilə baxan FETÖ ilə heç vaxt ulduzumuz barışmayıb. İllər öncə də, bizi şərləyərək, canımız qədər sevdiyimiz Azərbaycana yalnış bilgilər vermiş və ölkəyə gəlişimizi əngəlləmişdilər. Bu dəfə də Azərbaycanın Türkiyə ilə ortaq hərəkət edərək, FETÖ ilə mübarizəsinə kölgə salmaq üçün bu addımı atdılar. Ancaq Anadoluda deyirlər ki, “yalançının şamı gecə namazına qədər yanmaz”. Belə də oldu. Onlar nə qədər yalan “istehsal etsələr” də, əllərində partladı. Dövlət bizi yaxşı bilir. Həm Türkiyə dövləti, həm də Azərbaycan Hüseyn Büyükfıratın fəaliyyətlərindən xəbərdardır və məsələ məhz bu kontekstdən çözüldü. Vətəndaşına sahib çıxdığı üçün Türkiyə Dövlətinə, eyni zamanda düşmənin önündə “Türkiyə yoxdursa, mən varam” demək cəsarətini sərgiləyən Azərbaycan prezidenti İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bizim məsələnin həllinə ümidimi heç vaxt itirmədim və yalnışın bu tezliklə aradan qalxması da məni və dostlarımı çox sevindirdi. Bilirsiniz ki, türk mediasından olan dostlarımız da bu məsələ ilə bağlı yaxından maraqlanırdılar və narahat idilər. Onlara da ayrıca təşəkkür edirəm”.(Yenicaq)
892 dəfə oxundu