"Göz xəstəliklərinə şəkərli diabet və qohum nigahları səbəb olur"- MÜSAHİBƏ

"Göz xəstəliklərinə şəkərli diabet və qohum nigahları səbəb olur"-


Qəlbin aynası olan gözlərin dediyini bəzən sözlər belə ifadə etmir. Göz informasiyadır, gözəllikdir, hiss və emosiyadır. Doktor Anar Abdullayev də məhz bu xüsusiyyətlərinə görə gözləri seçib. Uzun illərini sərf edərək həkim ixtisasına yiyələnib, təhsilini xaricdə davam etdirirərək ixtisasını artırıb, bir çox beynəlxalq elmi-konfransların iştirakçısı və məruzəçisi olub. Hazırda Dobromed HOSPİTAL-ın oftalmoloq-cərrahıdır.

Gundeminfo.az modern.az Anar Abdullayevlə müsahibəni təqdim edir:

- Doktor, niyə məhz göz ?

- Bilirsiniz, ətraf mühiti tanımaq və duymaqda bizə yardımcı olan ən əsas duyğu üzvümüz gözlərdir. Gözlərimiz olmasaydı, bizi əhatə edən gözəllikləri, dünyanı tanıya bilməzdik. “Gözlər qəlbin aynasıdır”, - deyirlər. Bəzən hislərimizi, emosiyalarımızı hər nə qədər gizləməyə çalışsaq da gözlərimiz bizi ələ verir, hislərimizi biruzə verdirir. Bəlkə də bu səbəbdən göz həkimi ixtisasını seçdim. Hərçənd ki, Tibb Universitetinə daxil olarkən fikrim başqa idi, atam kimi kardioloq olmaq arzusundaydım.

- Həkim ixtisasına yiyələnmək zəhmət və zaman tələb edən uzun bir yoldur. Bu sahənin mütəxəssisi olmağınızda özünüzü kimə borclu bilirsiniz ?

- Elədir. Bu, çox uzun bir yoldur və düşünürəm ki, müxtəlif zaman kəsiklərində, bu yolun müxtəlif məqamlarında fərqli insanların diqqəti, qayğısı və dəstəyi olmasaydı, bu məqama yetişməyim çətin olardı. İlk başda hər zaman mənə dəstək olmuş, boya-başa çatdırmış, təhsil vermiş valideynlərimi qeyd etmək istəyirəm. Valideynlərimin həkim olmaları də bu sahəyə istiqamətlənməyimdə böyük rol oynadı. Göz həkimi kimi yetişməyimdə isə Azərbaycan Tibb Universitetinin Göz xəstəlikləri kafedrasının rəhbəri, professor Paşa Qəlbinur və TC Sakarya Universitesi Göz hastalıkları ana bilim dalı başkanı Prof.Dr. Gürsoy Alagöz hocalarımın üzərimdə böyük mənəvi haqları var.

- Maraqlıdır, insanlar nədən şikayət edir, ən sıx rastlaşdığınız göz xəstəlikləri hansılardır ?

- Hər bir yerin öz coğrafi mövqeyinə, iqliminə, mühitinə xas olan xəstəlikləri olur. Məsələn, ekvatora yaxın ərazilərdə yaşayan insanlarda ultrabənövşəyi şüaların təsirindən dəri problemləri daha çox olur, gözlərində isə katarakta digər insanlarla müqayisədə daha çox rast gəlinir. Bizim regionun insanlarında daha çox rast gəlinən xəstəliklərdən şəkərli diabetin yaratdığı göz patologiyalarını deyə bilərəm. Bir də çox böyük təəssüf hissi ilə qohum nigahlarından dünyaya gələn uşaqlarda rast gəlinən xəstəlikləri qeyd etmək istərdim. Təəssüf ki günümüzdə hələ də qohum nigahları bağlanmaqdadır.

- Siz görməyən və ya görməsi çox az olan insanları əməliyyat edib, onların yenidən görməsinə səbəb olursunuz. İnsanı qaranlıq dünyadan işıqlı həyata bağlamaq, gözlərə nur vermək necə bir hissdir?

- Görməsini itirmiş insanı qanadı qırılmış quşa bənzədirəm. İnsan görməsini itirdiyi anda özünü hər şeydən məhrum olmuş kimi hiss edir. Bu, uçmağa alışmış bir quşun qanadsız qalmasına bənzəyir. Belə vəziyyət insanlarda apatiya, ruh düşkünlüyü, özünə qapanma halları yaradır. Görməsi zəif olan insanlar daha ehtiyatla hərəkət edir, hətta bir çox hallarda ətrafdakıların yardımına ehtiyac duyurlar. Və biz bu cür insanları əməliyyat edib, onların görməsini bərpa etməklə, sanki yenidən həyat bəxş edirik. Cərrah əməliyyatın uğurlu olub-olmamasını çox vaxt pasient təkrar müayinə üçün otağa daxil olduğu ilk addımlardan sezir. Pasientin hərəkətlərinin daha sərbəst, addımlarının daha inamlı olduğunu və ən əsası üzündəki sevinc hissini gördükdə zəhmətinin boşa getmədiyi anlayırsan. O an özümü dünyanın ən xoşbəxt insanı hiss edirəm.

- Gözlərimizin sağlam qalması üçün bizə nə tövsiyyə edirsiniz ?

- İlk növbədə sabit yuxu rejimi olmalıdır. Zərərli vərdişlərdən mümkün qədər uzaq olmaq, sağlıqlı bəslənmək, qida rasionunu meyvə-tərəvəzlərlə zənginləşdirmək, dəniz məhsullarından daha çox faydalanmaq, ən əsası stressdən uzaq olmaq lazımdır.

"Göz xəstəliklərinə şəkərli diabet və qohum nigahları səbəb olur"-
"Göz xəstəliklərinə şəkərli diabet və qohum nigahları səbəb olur"-
"Göz xəstəliklərinə şəkərli diabet və qohum nigahları səbəb olur"-



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
892 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...