Azərbaycan hansı dövlətlə əməkdaşlıq edəcəyinə özü qərar verir
“Azərbaycan müstəqil dövlətdir və İsraillə münasibətləri qədim tarixə söykənir”. Bunu Trend-ə ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov deyib.
R.Məmmədov bildirib ki, Azərbaycanda dünyaya nümunə olacaq tolerant mühit var:
“Azərbaycanda yəhudilər də, xristianlar da, digər dinlərin nümayəndələri də müsəlmanlarla birgə normal şəkildə yaşayırlar və öz hüquqlarından istifadə edirlər”.
R.Məmmədov bildirib ki, hər hansı bir ölkənin digərinin siyasi mövqeyinə müdaxilə etməsi doğru deyil:
“İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri ölkəmizin daxili işidir. Digər tərəfdən bu əlaqələrin inkişafı indiyə qədər hər hansı üçüncü tərəfə ziyan verməyib. Ona görə də bəzi İran rəsmilərinin B.Netanyahunun Azərbaycana səfərindən narahatlıq keçirməsi üçün heç bir əsas yoxdur”.
R.Məmmədov İranı işğalçı Ermənistan ilə sıx əməkdaşlıq etdiyinə görə qınayıb:
“Ermənistan Azərbaycan torpaqlarını işğal edib. İslam dinində buna qəsb deyilir. Qəsbkar bir ölkəyə müsəlmanın getməsi haram sayılır. Yəni müsəlmanın işğalçı ilə görüşməsi, əməkdaşlıq etməsi düzgün deyil. Ancaq təəssüflər olsun ki, bu gün müsəlman ölkəsi olan İran Azərbaycan torpaqlarını işğal edən, xalqımıza qarşı qətliam törədən, məscidləri təhqir edən Ermənistanla sıx əməkdaşlıq edir. İran rəsmiləri gərək İsrail-Azərbaycan münasibətlərinə müdaxilə etməzdən əvvəl Ermənistanla olan əməkdaşlıqları haqqında düşünsünlər”.
786 dəfə oxundu