Bakı taksiləri vahid tarifə keçəcək
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən taksilərdə süni qiymət artımını aradan qaldırmaq üçün tədbirlər görür. Virtualaz.org-un məlumatına görə, bu barədə BNA-nın baş direktoru Vüsal Kərimli qurumun bir illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Agentlik bu məsələ ilə bağlı müəyyən qurumlarla danışıqlara başlayıb: "Artıq müəyyən qurumlara təkliflər göndərilib. Bakı Nəqliyyat Agentliyində vahid taksi tarifi müəyyən ediləcək. Bundan sonra taksi şirkətlərinə göndəriləcək".
V.Kərimli bildirib ki, bu tarif müəyyən ediləndən sonra taksilərdə süni qiymət artımının qarşısı tam alınacaq.
Baş direktor onu da bildirib ki, Bakı şəhəri ərazisində ictimai nəqliyyatda bilet satışı sistemi tətbiq olunacaq.
Onun sözlərinə görə, hazırda Bakıda müntəzəm marşrutda 450 ədəd avtobusda vahid ödəniş kart sistemi tətbiq edilib və bu sistem müasir avtobuslarda asanlıqla tətbiq edilir: "Lakin müəyyən köhnə avtobuslarda bu sistemin tətbiqi mümkün olmadığına görə, onlarda bilet satışı sisteminin tətbiqi nəzərdə tutulub. Bu sistemin, həmçinin analoji vəziyyətdə olan taksilərə tətbiq edilməsi planlaşdırılır".
903 dəfə oxundu