"Azimport"da işçilər üsyan edir Şikayət - fotolar
Azərbaycanda daha bir məşhur tikinti şirkəti dələduzluqda ittiham olunur. Bu barədə Axar.az-a “Azİmport” MMC şirkətinin 4 aydan çoxdur əmək haqlarını vermədiyi “Şanxay” adlanan ərazidə yol kənarındakı tikililərin dam örtüklərini və divarlarını rəngləyən işçiləri məlumat verib. Şirkətdən onlara çatacaq əmək haqlarını ala bilməyən işçilər problemlə əlaqədar dəfələrlə rəhbərliyə müraciət etdikləri deyirlər. Şirkət rəhbəri Azər Əsgərovun qəbulunda olan işçilərə əmək haqlarının tezliklə veriləcəyi bildirilsə də, işçilərə çatacaq haqq 4 aydır ki, gecikir.
Şikayətçilər qeyd edir ki, “Azİmport” MMC bu işi görmək üçün tenderdə qalib gəlib. Şirkət bununla əlaqədar işin 30 faizini Azərbaycan Dövlət Neft Şirkətindən alıb. Lakin tenderdən qazanılan vəsaitlə işçilərin əməkhaqlarının da ödənilməsinin nəzərdə tutulmasına baxmayaraq, onlara heç bir ödəniş edilməyib.
Əmək haqqını ala bilməyən işçilərin sayının 540 nəfərdən çox olduğu iddia edilir. Həmçinin, fəhlələrin şirkətlə heç bir əmək müqaviləsi olmadığı bildirilir. Şikayətçilər vurğulayır ki, şirkət ilk gündən onların heç biri ilə müqavilə imzalamayıb. Müqaviləsiz çalışan işçilərə 4 ay ərzində hissə-hissə müəyyən miqdarda avans verilsə də, əlavə ödəniş edilməyib. “Azİmport” MMC-nin müqaviləsiz işlətdiyi işçilərə ümumilikdə 1.838.000 manat borcu var. İşçilər qeyd edib ki, tikinti zamanı istifadə edilən materialları özləri aldıqları üçün mağazalara da xeyli borcları yaranıb.
Fəhlələrin sözlərinə görə, şirkətdən işçilərə onlara çatacaq pulu SOCAR-ın gecikdirdiyini bildiriblər. İşçilər məsələ ilə əlaqədar SOCAR-la əlaqə saxlayıb. Lakin Neft Şirkətindən pulu “Azİmport” MMC-nin özünün ödəməli olduğu barədə açıqlama verilib.
Məsələ ilə əlaqədar Axar.az-a danışan “Azİmport” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rafiq Eyvazov qeyd edib ki, şirkət işçilərin maaşının bir hissəsini 4 ay ərzində hissə-hissə ödəyib. Zamanla da əmək haqları tam şəkildə mütləq ödənəcək:
“Biz SOCAR-ın podratçısıyıq. İş təhvil verildikdən sonra SOCAR bunu qəbul edir. Daha sonra SOCAR buna görə maliyyə buraxır və biz də maaşları veririk. Lakin hazırda veriləcək maliyyə gecikdiyi üçün maaşları ödəyə bilmirik. Biz də təəssüf edirik ki, vəziyyət belədir. Problemin tezliklə həll edilməsini istəyirik. “Azİmport” SOCAR-dan alacağı vəsaiti gözləyir ki, işçilərin pulunu versin”.
Şirkət sözçüsü işçilərin müqaviləsiz işləməsinə də aydınlıq gətirdi:
“Bir podrat, bir də subpodrat təşkilat var. Podrat təşkilat bir başqa podrat təşkilatı qəbul edir. Biz podratçı şirkət olaraq SOCAR-la müqavilə imzalayırıq, fəhləylə müqavilə imzalamırıq, subpodratın rəhbəri ilə müqavilə imzalayırıq. Ancaq işçilərin sayı 540 nəfər deyil. Təxminən 60-70 nəfər işçidir. Və biz dəfələrlə onlarla görüşmüşük, danışmışıq. Hətta danışıqlar zamanı SOCAR-ın nümayəndələrini də dəvət edirik ki, məsələni izah etsin. Bununla bağlı daha yuxarı təşkilatlara məruzə etmişik. Çünki bu bizim üçün də xoş olmayan məsələdir. İşçilərin çətin vəziyyətdə olduğunu bilirik. Bu səbəbdən bir neçə dəfə hissə-hissə də olsa, pul ödəmişik onlara”.
R.Eyvazov işçilərin əmək haqlarının birdəfəlik nə vaxt ödənilməsi ilə bağlı konkret vaxt deyə bilməyəcəyini bildirdi: “Biz bu məsələni rəhbərlik qarşısında qaldırmışıq. Bacardığımız qədər tez bir zamanda problemi həll etməyə çalışırıq. Ayın sonundan etibarən əmək haqları mütləq ödəniləcək. Bütün borcları, ödəniləcək məbləği hesablamışıq. Rəsmi şəkildə də rəhbərliyə təqdim etmişik”.
1 591 dəfə oxundu