Icra başçısı Çin iş adamları ilə görüşdü - FOTO
Bakı şəhəri Qaradağ Rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Cinin Dalyan şəhəri Yeni Cinpu rayonunda işgüzar səfərdə olub.
Qaradağ Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, səfər zamanı Yeni Cinpu rayonu Sənaye və Ticarət Palatasının sədri xanım Can Şi Xunq, Sahibkarlığın İnkişafı Konfederasiyasının sədri Van Çinq Kuan və Ticarət Komitəsi katibinin müavini Pinq Yuan ilə görüş keçirilib.
Görüşdə Sahibkarlığın İnkişafı Konfederasiyasının sədri Van Çinq Kuan və Sənaye və Ticarət Palatasının sədri xanım Can Şi Xunq Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində keçiriləcək ikitərəfli görüşlərin yaxın gələcəkdə ölkələrimiz arasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinə böyük təkan verəcəyinə əminliklərini bildiriblər.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov aparılan görüşlərin ölkələrimiz arasında qarşılıqlı iqtisadi və mədəni əlaqələrin inkişafına müsbət təsir edəcəyini deyib. S.Mikayılov Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin qədim tarixə malik olduğunu vurğulayıb. Qeyd olunub ki, Çinin Dalyan şəhərinə və Yeni Cinpu rayonuna işgüzar səfərin əsas məqsədi rayonun iqtisadi və sənaye potensialı, həmçinin mədəniyyəti ilə tanışlıq, ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi və investisiyaların cəlb edilməsidir.
Sonra Çinin Dalyan şəhəri Yeni Cinpu və Bakı şəhərinin Qaradağ rayonları arasında "Qarşılıqlı İqtisadi Əlaqələr və İnvestisiyaların Təşviqi”nə mövzusunda tədbir keçirilib.
Görüşdə Yeni Cinpu rayonu Ticarət Komitəsinin katibi Van Da Şinq, Sənaye və Ticarət Palatasının sədri xanım Can Şi Xunq, Sahibkarlığın İnkişafı Konfederasiyasının sədri Van Çinq Kuan və Ticarət Komitəsi katibinin müavini Pinq Yuan, Xaricilərlə İş Bürosunun sədr müavini Vu Zhi Chao və müxtəlif sahələri, o cümlədən ağır və yüngül sənaye sahələrini, neft və maşınqayırma sənayesini, kənd təsərrüfatı, tikinti materialları və lift istehsalı, plastik məmulatlar və dəmir boru istehsalı, eləcə də turizm, elektrotexnika və əczaçılıq və digər sektorları təmsil edən iş adamları iştirak ediblər.
Yeni Cinpu rayonu Ticarət Komitəsinin katibi Van Da Şinq çıxış edərək görüşün əhəmiyyətindən danışıb. Qeyd edilib ki, Çin hökuməti qədim İpək Yolu üzərində yerləşən ölkələrlə sıx dostluq əlaqələrinin qurulmasına və bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır. Bu məqsədlə çinli iş adamları Azərbaycan ilə bütün sahələrdə qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinə böyük maraq göstərirlər. İnvestisiyaların təşviqi və iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Azərbaycan Çin ilə müxtəlif sahələr üzrə fəal əməkdaşlıq edir. Hazırda Azərbaycan–Çin münasibətləri müxtəlif sahələrdə inkişaf edir. S.Mikayılov Azərbaycanda yaradılan əlverişli biznes mühitindən danışıb, çinli iş adamlarını ölkəmizə investisiya yatırmağa dəvət edib.
Görüşdə Yeni Cinpu rayonunun Sahibkarlığın İnkişafı Konfederasiyası ilə Qaradağ Rayonu İcra Hakimiyyəti arasında qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi, xarici investisiyaları və yeni innovasiyalar tətbiq etməklə Azərbaycanda istehsal və xidmət sahələrinin yaradılması və genişləndirilməsi məqsədilə Memorandum imzalanıb.
Yüzdən artıq çinli iş adamının iştirakı ilə keçirilən görüşdə sahibkarların çoxsaylı sualları cavablandırılıb.
1 015 dəfə oxundu