“Kredit borclarının silinməsi real deyil” Vahid Əhmədov
Bir neçə gündür vətəndaşlar yalnız bir suala cavab tapmaq istəyir: “Doğrudanmı, kommersiya banklarına olan kredit borcları silinəcək?” Modern.az saytı məsələnin aktuallığını nəzərə alaraq Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovun münasibətini öyrənib. O qeyd edib ki, bu şayiədən başqa bir şey deyil: “Bu, tamamilə reallıqdan uzaq bir məsələdir. Kimsə bu yalanı ortaya atıb, insanlar arasında çaşqınlıq yaradıb.
Mətbuatda məsələ ilə bağlı müxtəlif iqtisadçıların şərhləri ilə də tanış olmuşam, amma bu, mənim üçün inandırıcı deyil.
Kredit borcları ilə əlaqədar struktura baxmaq lazımdır. Əgər dövlət əhəmiyyətli strukturlar, şirkətlər varsa, dövlət bununla bağlı hansısa qərar qəbul edə bilər. Amma özəl bankların belə bir qərar qəbul etməsi ciddi problem yarada bilər.
Düzdür, məsələdə əsas mövqe Mərkəzi Banka məxsusdur. Mən Mərkəzi Bankın indiki vəziyyətdə vətəndaşların ödənilməmiş kreditlərinin ləğv edilməsi barədə qərara verəcəyinə inanmıram”. İqtisaçı-deputat məsələnin sırf Mərkəzi Bank və kommersiya bankları arasında həll edilə biləcəyini vurğulayıb: “Burada söhbət dövlət büdcəsindən deyil, Mərkəzi Bankın, o cümlədən kommersiya banklarının öz ehtiyatlarından gedir. Çünki bu, sırf onların səlahiyyətində olan məsələlərdir. Dövlətin kredit borclarını silməsi üçün heç büdcədə vəsait də yoxdur. Bunun üçün hər hansı maddə də nəzərdə tutulmayıb.
Bu, Mərkəzi Bank və kommersiya bankları arasında həll olunacaq məsələdir. Əgər imkan və şərait varsa, kiçik məbləğləri ləğv edə bilərlər. Yaxınlarda Konstitusiya Məhkəməsinin dollarla verilən kreditlərlə bağlı qərarı oldu. Konstitusiya Məhkəməsi kommersiya banklarına əhaliyə güzəştə getmək üçün tövsiyələr verdi.
Ola bilər ki, faizlər aşağı salınsın, müddət uzadılsın, amma tamamilə silinməsi mənim üçün inandırıcı və real deyil”.
1 402 dəfə oxundu