Yeni nazir Ziya Məmmədovun təsərrüfatında qayda yaratmağa başladı
Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra qurumun fəaliyyəti yoxlanılır. Belə yoxlamalardan biri də keçmiş Nəqliyyat Nazirliyinə tabe Dövlət Avtomobil Nəqliyyatı Xidmətində və Bakı Beynəlxalq Avtovağzalında da aparılıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, bu günlərdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə keçmiş Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində olub.
Etibarlı mənbə bildirir ki, nazir xidmətin fəaliyyət istiqamətləri ilə bağlı detallı hesabat tələb edib. Hətta artıq xidmətin bütün qurumlarında öz adamlarını da yerləşdirib.
Saytın əldə etdiyi məlumata görə, dünən R.Quluzadə Bakı Beynəlxalq Avtovağzalında da olub. Yeni nazir avtovağzalın bütün ərazisini gəzib. Avtobuslar, sərnişindaşıma və xidmət sahələri ilə bağlı nöqsanları görən nazir çatışmazlıqları tənqid edib.
Bildirilir ki, R.Quluzadə cavabdeh şəxslər qarşısında şərt qoyub: ya sərnişindaşımada keyfiyyətli xidmət, səliqə-səhman yaradılmalıdır, ya da işinin öhtəsindən gələ bilməyənlər vəzifələri ilə vidalaşmalıdır.
899 dəfə oxundu