I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb


Bu ildən Bakıda keçiriləcək I sinfə qəbul qaydalarında bir sıra yeniliklər edilib.

APA-nın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə təşkilinə həsr olunmuş mətbuat konfransında bildirib ki, artıq bu ildən valideyn sənəd qəbulu zamanı müəllimi seçmək imkanı da əldə edəcək. Onun sözlərinə görə, valideyn mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə elektron ərizəsi təqdim edəcəksə, müəllimi də özü seçə biləcək.

İ. Abdullayeva qeyd edib ki, valideyn sistemdə tam olaraq, qeydiyyatdan keçəndən sonra lazımi sənədləri məktəbə təqdim edir: “Bu zaman valideyn övladlarını özləri ilə məktəbə aparmırlar. Bu isə o deməkdir ki, məktəblərdə şagirdlərin əlavə müsahibəsi olmayacaq. Valideyn övladının məktəbə qəbulu üçün elektron formada doldurduğu sənədi, özünün və övladının şəxsiyyətini təsdiq edən sənədinin əslini, məktəbəhazırlıq qrupunda təhsil almasına dair arayış, sağlamlıq haqqında arayışı təqdim etməlidir. Bundan sonra valideynə məktəb tərəfindən qəbz verilir. Valideynə qəbz veriləcəksə, deməli onun şagirdi I sinfə qəbul edilib”.

İ. Abdullayeva qeyd edib ki, digər bir yenilik lisey və gimnaziyalara qəbulla bağlı olacaq. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, 160 nömrəli Klassik Gimnaziyada 2017-2018- ci dərs ili üçün birinci sinfə qəbul üçün valideyn martın 15-dən mayın 31-dək elektron qaydada müvafiq sənədi doldurmalıdır: “Şagird qəbul olmaq istədiyi lisey və gimnaziyaların mikroərazisində yaşayırsa, o halda müsabiqədən kənar qəbul olunacaq. Şagirdlər yalnız elektron sistemdə qeydiyyatdan keçərək məktəbə qəbul olacaq. Mikroərazidə yaşamayan şagirdin valideyni elektron sənəd verəndən sonra “müsabiqəyə yazıl” bölməsində qeydiyyatdan keçməlidir. Sonradan şagird iyun ayında keçiriləcək müsabiqədə iştirak edəcək. Ancaq bu məsələdə 3 məktəb istisnadır. Avropa Liseyi, Bülbül adına orta ixtisas məktəbi və Bakı İncəsənət gimnaziyasına şagirdlərin qəbulu mikroərazidə yaşamasından asılı olmayaraq, müsabiqə əsasında aparılacaq”.

Sektor müdiri əlavə edib ki, Bakıda yaşı 8-dən çox şagirdlərin də məktəblərdə təhsil alması imkanı yaradılır. Uşağın yaşı 8-i ötürsə, həmin valideyn qeydiyyatdan keçərək, övladının və özünün şəxsiyyətini təsdiq edən sənədinin əslini I və IV günlər BŞTİ-də yaradılmış komissiyaya müraciət edərək, şəxsiyyət vəsiqələri təqdim etməlidir: “Bu zaman da valideynlər övladları ilə gətirməməlidirlər. Sistemdə sağlamlıq imkanı məhdud olan uşaqlar üçün də qeydiyyat mümkündür. Bu halda valideyn övladının evdə təhsil alması üçün 3-cü və 5-ci günlər 368 saylı məktəbdə yaradılmış komissiyaya müraciət edə bilər. Digər yeniliyə əsasən, 6 yaşı 16.09.2011-ci il tarixindən 31.12.2011-ci il tarixinədək tamam olan şagirdlərin qəbulunda da dəyişiklik edilib. 6 yaşı tamam olmayan, lakin dövlət ümumi təhsil müəssisələrinə ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar dövlət ümumtəhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilir. Özəl məktəbəhazırlıq qruplarını bitirən və ya digər hallarda 6 yaşı tamam olmayan şagirdlər iyun-iyul ayında keçiriləcək müsabiqədə iştirak edəcəklər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
801 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...