Tərtərli məktəbliləri Lənkəran-Masallı-Astara bölgəsində maraqlı ekskursiya gözləyir - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin müxtəlif bölgələrinin müasir həyatının, tarixinin, mədəni irsinin, adət-ənənələrinin, özünəməxsus xüsusiyyətlərinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaq məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəbli gənclərin respublikamızın digər bölgələrinə səyahətinin təşkili davam etdirilir.
Gundeminfo.az xəbər verir ki, martın 16-da Tərtər şəhərində rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə rayonun məktəblilərindən ibarət qrup Lənkəran-Masallı-Astara marşrutu üzrə yola salınıb.
Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışıb, dövlət başçısının tapşırığına əsasən təşkil olunan aksiyanı məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını bildirib. Hər bir bölgənin özünəməxsus xüsusiyyətləri, tarixi abidələri, adət-ənənələri, kulinariyası, coğrafiyası olduğunu qeyd edərək, tur-aksiya iştirakçılarına getdikləri bölgə haqqında geniş bilgilər əldə etməyi, yeni dostlar tapmağı tövsiyə edib və mənalı istirahət arzulayıb.
Şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla respublikamızın cənub bölgəsinə yola düşüblər.
911 dəfə oxundu