ENOC sanksiyalara baxmayaraq İrana neft tədarükünü davam etdirir
Rusiyaya məxsus “VF Tanker-20” gəmisi bu ay artıq 2-ci dəfə Türkmənistan neftini İrana çatdırmaq üçün bu ölkənin Neka limanına yan alıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Xatırladaq ki, iyulun sonunda sözügedən gəmi “Dragon Oil”a məxsus nefti qəbul etdikdən sonra Bakı limanında 1 həftə reyddə dayanmalı olub. Buna səbəb kimi gəminin göyərtəsində bəyan edilməmiş yükün olması amili göstərilir. Bundan sonra, “VF Tanker-20” İran tərəfə istiqamət alıb və nefti İran Milli Neft Şirkətinin (NIOC) terminalında boşaldıb.
Belə görünür, gəminin bu manevri “Dragon Oil” və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Neft Şirkətinin (ENOC) neft daşınması və gömrük rəsmiləşdirilməsi zamanı sənədlərdə yükün sonradan Avropaya tranzit məqsədi ilə boşaldılması yeri kimi Bakının göstərilməsi ilə bağlıdır. Belə ki, Türkmənistan hökuməti (Dövlət Gömrük Xidməti və digər strukturlar), çox güman ki, Türkmənistan neftinin İrana tədarükünə icazə vermir.
İstisna deyil ki, “Dragon Oil” Türkmənistanla İran arasındakı soyuq münasibətlər səbəbindən həmin icazəni ala bilmir. Çünki Türkmənistandan İrana nəql olunmuş təbii qazın pulunun ödənilməsi ilə bağlı tərəflər arasında narazılıq var və İran beynəlxalq arbitrajda Türkmənistan əleyhinə iddia qaldırmaq niyyətindədir.
Bundan başqa, gəminin həmin hərəkətləri “Dragon Oil” və ENOC-un İrana neft tədarük etdiklərini gizlətmək, bununla da ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozan şirkətlərin siyahısına düşməkdən yayınmaq istəmələri ilə bağlı ola bilər.
Xatırladaq ki, NIOC və onun ticarət strukturu olan NICO, eləcə də onların müxtəlif ölkələrdəki bölmələri ABŞ-ın sanksiya siyahısına daxildir.
Hazırda “Dragon Oil” və ENOC Rusiyanın “VF Tanker" gəmiçilik şirkətinə məxsus “VF Tanker-13” gəmisinə üçüncü partiyanı yükləməkdədir. Bu gəminin ABŞ-ın sanksiyalarına və Türkmənistanın gömrük nizamnaməsinə baxmayaraq, yenidən İrana gedib-getməyəcəyi sual altındadır.
707 dəfə oxundu