Hərbi biletini itirənlər üçün qaydalar sadələşdirildi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kollegiyası “İtirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”i təsdiqləyib.
APA-nın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ödənişsiz göstərilən bu elektron xidmət itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin elektron formada qəbulu qaydalarını müəyyən edir.
Elektron xidmətin icra müddəti 3 iş günüdür, xidmət qismən avtomatlaşdırılıb. Elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən doldurulan elektron ərizəyə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, Daxili İşlər Nazirliyinin müvafiq idarə və şöbələrinin tapıntılar bürosundan verilən arayışın skan edilmiş surəti əlavə olunur. İstifadəçi
BURADA
internet ünvanına daxil olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi ilə qeydiyyatdan keçərək uyğun sorğunu formalaşdırır. Sorğu Xidmətin internet ünvanına daxil olduğu tarixdə qeydə alınır. İstifadəçi tərəfindən tələb olunan sənəd və məlumatlar düzgün daxil edildikdən sonra sorğu qəbul olunur. Hərbi vəzifəlilərin və istefada olan vətəndaşların sənədləri icra edilməsi üçün Xidmətin Səfərbərlik Hazırlığı və Səfərbərlik Baş İdarəsinə, ilkin hərbi qeydiyyata alınmış vətəndaşların sənədləri isə Xidmətin Həqiqi Hərbi Xidmətə Çağırış Baş İdarəsinə göndərilir. Hərbi vəzifəlilərin və istefada olan vətəndaşların sənədlərinə məsul şəxs Xidmətin Səfərbərlik Hazırlığı və Səfərbərlik Baş İdarəsinin rəisi, ilkin hərbi qeydiyyata alınmış vətəndaşların sənədlərinə məsul şəxs - Xidmətin Həqiqi Hərbi Xidmətə Çağırış Baş İdarəsinin rəisidir.
Məlumatların düzgünlüyü yoxlanıldıqdan sonra itirilmiş hərbi biletin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin) hazırlanması üçün aidiyyəti idarə, şöbə və bölməyə təqdim edilir. İstifadəçi şəxsən Xidmətin müvafiq yerli idarə, şöbə və bölmələrinə gələrək itirilmiş hərbi biletin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsinin) əvəzinə yenisini əldə edir. Bu halda istifadəçi tapıntılar bürosundan arayışın əslini təqdim etməlidir.
1 185 dəfə oxundu