MSK-dan namizədlərə təbliğat xəbərdarlığı

MSK-dan namizədlərə təbliğat xəbərdarlığı


Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında deputatlığa namizədlərin təşviqatı ilə bağlı məsələyə aydınlıq gətirilib

APA-nın məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, deputatlığa namizədlər təşviqat kampaniyasını seçicilərlə görüş, KİV-lər, kütləvi kampaniyalar və çap materialları vasitəsilə apara bilərlər.


N. Məmmədov bildirib ki, təşviqatla bağlı xüsusi qaydalar və qadağalar müəyyənləşdirilib: “Ölkə ərazisində dairələr üzrə təşviqat aparmaq üçün açıq və qapalı yerlər müəyyənləşdirilib, növbəlilik əsasında, bir-birinə mane olmamaqla deputatlığa namizədlər bu yerlərdə seçicilərlə görüşlər keçirə bilərlər. Çap və audiovizual materialların yayılması üçün də seçki məntəqələrində seçicilərin yaxşı görəcəyi və oxuya biləcəyi seçki lövhələri yerləşdirilib. Əvvəllər seçki materialları binalarda, tarixi abidələrin üzərində və digər yerlərdə elə yerləşdirilirdi ki, sonra onları çıxarmaq mümkün olmurdu. Bu, qadağandır. Ticarət mərkəzlərinin sahibləri icazə verərsə, MSK ilə razılaşdırmaqla təşviqat materialları bəzi ticarət mərkəzlərində pəncərədə, şüşə üzərində yerləşdirilə bilər”.

N. Məmmədov hər kəsin hüququna uyğun təşviqata imkan yaradılmalı olduğunu vurğulayıb: “Ödənişli əsaslarla bir namizədə telekanalda 10 dəqiqəlik, digər namizədə 5 dəqiqəlik vaxt ayrıla bilər. Bu, qeyri-bərabərlik kimi görünə bilər, amma namizədin hüququ var ki, daha çox pul ödəyib, əlavə vaxt alsın və bu baxımdan namizədlər üçün bərabər imkanlar yaradılıb. Təşviqatı aparan subyektlər də məsuliyyət daşıyırlar, bu imkandan başqa məqsədlə sui-istifadə edələrsə (mili ayrı-seçkilik, çevrilişə çağırış və s.), bu barədə tədbirlər görülməsi üçün əsaslar yaranır”.


MSK sədrinin müavini qeyd edib ki, MSK KİV-də təşviqatı diqqət mərkəzində saxlayır. Azərbaycanda fəaliyyət göstərən, təsisçisi xarici dövlətlər, vətəndaşlığı olmayan şəxslər, xarici birliklər olan KİV-lər, beynəlxalq təşkilatlar, bələdiyyə orqanları, dövlət və bələdiyyə payı 30 faizdən yuxarı olan qurumlar təşviqat kampaniyasında iştirak edə bilməz: “Ancaq sosial şəbəkələrdə aparılan təşviqatın qanuni və qeyri-qanuni olması barədə fikir demək asan deyil. Seçki prosesində iştirak edənlər məsuliyyətli davranmalıdırlar. Seçkiqabağı təşviqatın qanunvericiliyin tələbinə uyğun keçirilməsi üçün Azərbaycanda tam şərait var. Lakin biz hamımız birlikdə qanuni vasitələrdən istifadə etməliyik. Qanundankənar vasitələrlə seçicilərin iradəsinə təsir göstərilməsi halı da deputatlığa namizədin ləğvinə yol açır”.

MSK sədri Məzahir Pənahov deyib ki, deputatlığa namizədlər məcbur etməməlidirlər ki, MSK sərt qərarlar versin: “Biz kimisə cəzalandırmağa çalışmırıq. İstəyirik ki, namizədlər bizə imkan versinlər ki, qanunvericiliyə uyğun olaraq sərt addımlar atmayaq”.

Qeyd edək ki, təşviqat kampaniyasına oktyabrın 9-dan başlanıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 071 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...