2015-ci ilin 9 ayının yekunları Nəsimi rayonunda müzakirə olunub - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
GUNDEMİNFO.AZ xəbər verir ki, iclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, 9 ay ərzində ölkəmiz dinamik inkişaf etmiş, bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəmizə qarşı əsassız təzyiqlərə və bəzi hallarda təxribatlara baxmayaraq, Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini bildirib. Bu dövrdə iqtisadiyyat 3,7 %, sənaye istehsalı 2,1 %, qeyri-neft sənayesi 10 %-dən çox, kənd təsərrüfatı istehsalı 6,7 % artıb.
İlin 9 ayında inflyasiya 3,7 % təşkil edib, əhalinin pul gəlirləri 5,8 % artıb, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub.
Hesabat dövründə Nəsimi rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 350255.0 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,6 % çox sənaye məhsulu istehsal edilmiş, rabitə müəssisələri tərəfindən 45652.0 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.3 faiz cox rabitə xidməti, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən ümumilikdə 290219.0 min manatlıq xidmətlər göstərilmişdir.
9 ayda rayonun tikinti kompleksində bütün maliyyə mənbələri hesabına 703200.0 min manat məbləğində investisiyadan istifadə edilmişdir, bu da keçən ilin müvafiq dövrünə nisbətən 12.8 faiz çox olmuşdur. İstifadə edilmiş vəsaitin 630450.0 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənmişdir ki, bu da kecən ilin müvafiq dövrünə nisbətən 19.8 faiz çox olmuşdur.
Hesabat dövründə rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 479320.0 min manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.5 faiz çox istehlak malları satılmışdır. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 401830.0 min manatlıq, yaxud əvvəlki ildəkindən 8.7 faiz çox pullu xidmətlər göstərilmişdir.
2015- ci ilin yanvar-avqust aylarında rayon üzrə işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3289 nəfər və ya 2.3 faiz artaraq 145937 nəfər, orta aylıq nominal əmək haqqının səviyyəsi isə 6.1 faiz və ya 29.9 manat artaraq 520.0 manat olmuşdur.
2015-ci ilin əvvəlindən yeni acılmış iş yerlərinin sayı 1887-yə çatmışdır. Onlardan hamısı daimi yerlərdir.
2015-ci il oktyabr ayının 1-i vəziyyətinə rayonun əhalisi 217,8 min nəfər olmuşdur. Ərazisi 0,01 min. kv km, əhalinin sıxlığı 1 kv km-ə 21780 nəfər təşkil edir. 9 ayda rayonda 1498 nəfərin doğumu və 802 nəfərin ölümü qeydə alınmışdır. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğulanların sayı 9.3-dən 7.0-ə , təbii artım 5.0-dən 4.0-ə, ölənlərin sayı isə 5.0-dən 4.0-ə enmişdir.
Rayonda 2015-ci ilin yanvar- sentyabr aylarında 925 nikah və 322 boşanma qeydə alınmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5.4 –dən 4.2-yə, boşanmaların sayı isə 1.8-dən 1.5-ə enmişdir.
Hesabat dövründə respublikmızın hər yerində olduğu kimi Bakı şəhəri Nəsimi rayonunda da davamlı sosial-iqtisadi inkişafı, əhalinin rifah halının daha da yüksəlməsi təmin edilmiş, dinamik artım templəri üstünlük təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nəsimi rayonunda aparılan abadlıq və quruculuq işləri üzrə layihələrin icrası ilə bağlı tədbirlərdə şəxsən iştirakı rayonun həyatını daha əlamətdar etmişdir. Belə ki, 2015-ci ilin avqust ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Nəsimi rayonunun ərazisindəki Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində həyata keçirilən abadlıq və yenidənqurma işlərindən sonrakı vəziyyətlə, sentyabrın 10-da Texniki-Humanitar Liseydə görülən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub. Sentyabrın 12-də isə ölkə başçısı Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak etmişdir.
2015-ci il may ayının 10-da Ulu öndər Heydər Əliyevin doğum günündə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş Ə.Qasımzadə küçəsi 72 saylı ünvanda yerləşən 1 saylı “Körpə Evi”nin istifadəyə verilmə mərasimində Azərbaycanın Respublikasının birinci xanımı, H.Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir.
9 ayda Dövlət Proqramına uyğun görülən işlər çərçivəsində 1 saylı tam orta məktəb əsaslı təmir olunmuş, bu il məktəbin qəzalı idman zalı sökülərək 10 yeni sinif otağı daxil olmaqla yeni idman zalı tikilib istifadəyə verilmişdir. Həmçinin 135, 147 və 174 saylı uşaq bağçaları əsaslı təmir olunmuşdur.
Yay tətili zamanı rayonun bütün orta məktəblərdə cari təmir işləri aparılmışdır.
Qeyd olunmuşdur ki, məktəblərdə aparılan təmir və yenidənqurma işləri, burada müasir təhsil üçün hər cür şəraitin yaradılması, məktəblərin bütün lazımi avadanlıqlarla təchiz olunması tədris müəssisələrində təhsilin səviyyəsinin yüksəlməsinə birbaşa şərait yaradır.
Prezident cənab İlham Əliyevin tapşırıqlarına əsasən rayon ərazisindəki tarixi əhəmiyyətli və mərkəz küçələrdəki binaların bərpası və qorunması istiqamətində çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilmişdir.
Hesabat dövrü ərzində rayonun mərkəzi küçələrinin kənarları səki kənarlarına yeni bordyurların qoyulması, səkilərin təmiri və dekorativ daş düzülməsi, küçələrə yeni asfalt qatı salınması işləri aparılmışdır.
Bu il iyun ayının 12-dən 28-ə kimi Azərbaycanda ilk dəfə olaraq çox böyük və mötəbər idman yarışması – ilk Avropa Oyunları keçirilmişdir. Həmin oyunlarla bağlı paytaxtımızin mərkəzi rayonu olan Nəsimi rayonunda da böyük hazırlıq və geniş miqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Belə ki, oyunların keçirildiyi məkanların 1-i – Heydər Əliyev adına İdman Komplesi rayonda yerləşir. Oyunlara hazırlıq dövründə Kompleks əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Həyata keçirilən işlərin nəticəsidir ki, Oyunların keçirildiyi vaxt kompleksdəki yarışlar ən yüksək səviyyədə keçmiş, heç bir problem yaşanmamışdır.
Ötən müddətdə təhsil sahəsində də uğurlar olmuş, təhsil ilinin yekununa görə 5 məzun qızıl medala layiq görülmüşdür.
Bu il orta məktəbləri 1532 nəfər bitirib, abituriyentlərin 957 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 200 nəfəri 500-dən yuxarı, 72 nəfəri 600-dən, 29 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlardan 166 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunub, 4 məzun Prezident təqaüdünə layiq görülüb. Bakı Türk Anadolu Liseyinin məzunu Məcidov Nurlan Namiq oğlu 700 bal toplayaraq, Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuşdur.
Təhsildə qazanılan uğurlar nəticəsiz qalmamışdır. Azərbaycan Respublikası Prezidentinin 02 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Nəsimi rayonundan 2 nəfər “Tərəqqi medalı” ilə, 2 nəfər isə “Əməkdar müəllim” adına layiq görülmüşdür.
Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Belə ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində, bir sıra binaların dam örtüyündə təmir işləri aparılmış, su və kanalizasiya xətləri dəyişdirilmiş, mərkəzdəki bir sıra binaların fasadı təmir olunmuş, rəngləmə işləri və gündəlik olaraq ərazidə abadlıq-təmizlik işləri görülmüşdür.
Nəsimi rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Nəsimi rayon Qaz İstismar Sahəsi, Nəsimi rayon Sukanal Departamenti tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirillmiş, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməmişdir.
2015-ci ilin 9 ayı ərzində Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 824 ailənin 3068 nəfər ailə üzvünə Ünvanlı dövlət sosial yardımı təyin olunmuş və hər ay ödənişə göndərilmişdir. Ümumilikdə Nəsimi rayonu üzrə 1086 ailənin 4021 ailə üzvü Ünvanlı dövlət sosial yardımla təmin olunmuşdur. Hər bir ailəyə düşən ünvanlı sosial yardımın orta aylıq məbləği 148,89 manat, hər bir ailə üzvünə düşən orta aylıq məbləğ isə 40,21 manat olmuşdur.
Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsində qeydiyyatda olan 23681 nəfər təqaüdçülərə ilin 9 ayı ərzində 47120.0 min manat təqaüd və müavinət ödənilmiş, ödənişlərdə gecikmələrə yol verilməmişdir.
Nəsimi rayon Məşğulluq Mərkəzinə ilin 9 ayı ərzində 676 nəfər vətəndaş daimi işlə təmin olunmuşdur.
Hesabat dövrü ərzində “Ərazi Məşğulluq Proqramı”na əsasən 168 nəfər 9 ixtisas üzrə (bərbər, aşbaz köməkçisi , avtoçilingər, kom.istifadəçisi, kom.texnikasının təmiri, qənnadçı, kompüter dzayneri, avtokat üzrə proqramı və dərzi) kursa cəlb edilmişdir.
2015-ci ilin 9 ayı ərzində dövlət büdcəsinin Nəsimi rayonu 8 saylı Xəzinədarlıq İdarəsi üzrə yerli xərclərindən maliyyələşən büdcə təşkilatlarının xərclərini tənzimləmək üçün 3 milyon 524 min 669 manat vəsait proqnozlaşdırılmış, hesabat dövrü ərzində həmin vəsaitdən 2 milyon 672 min 066 manat, yəni 75.8% vəsait xərclənmişdir.
Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 9 ay ərzində yolxucu xəstəlklərin epidemiyası, kütləvi xəstələnmə halları və eləcə də kütləvi zəhərlənmə halları baş verməmiş, aparılan məqsədyönlü tədbirlər, profilaktik peyvəndlərin nəticəsidir ki, uşaqlar arasında il ərzində məxmərək, qızılca, göy öskürək, difteriya, poliomielit kimi xəstəliklər və eləcə də uşaqlar arasında viruslu hepatit “B” xəstəliyi qeydə alınmamışdır.
Hesabat dövründə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilmiş, o cümlədən sentyabr ayında Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində qəbul olunmuş, İzmit bələdiyyəsi ilə Bakı şəhər Nəsimi bələdiyyəsi arasında «Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında» niyyət protokolu imzalanmışdır.
Qurban bayramı ilə əlaqədar rayondakı aztəminatlı ailələrə 2000 pay nurban əti verilmiş, son aylarda keçirilən Tədris ilinin yekunu, Beynəlxalq ahıllar günü, Beynəlxalq müəllim günü və s. tədbirlərdə RİH tərəfindən 300 nəfərə qiymətli hədiyyə, yeni dərs ili ərəfəsində müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 200 uşağa məktəbli forması təqdim olunmuşdur.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.
Tədbirdə Dövlət Qulluqçularının peşə bayramı ilə əlaqədar təltif olunmuş Səbail rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pərvanə Kazımzadəyə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı təqdim olunmuşdur.
1 240 dəfə oxundu