Nazir evakuator özbaşınalığını araşdırmaq əmri verdi

Nazir evakuator özbaşınalığını araşdırmaq əmri verdi


“Bakı şəhər sakini Çingiz Əliyevin mətbuat vasitəsilə daxili işlər naziri cənab Ramil Usubova ünvanladığı müraciət barədə nazirliyin rəhbərliyi məlumatlıdır”.

Bunu virtualaz.org saytına açıqlamasında DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib. E.Zahidovun sözlərinə görə, vətəndaş Ç.Əliyevin həmin müraciətdə qeyd etdiyi iddiaların dərhal araşdırılması üçün nazir tərəfindən müvafiq idarəyə artıq göstəriş də verilib: “Əmin olun ki, araşdırmanın nəticəsindən asılı olaraq məsələ barədə obyektiv və qanuni qərar veriləcək”.

Xatırladaq ki, Bakı şəhər sakini Çingiz Cəmşid oğlu Əliyev avtomobili evakuasiya olunandan sonra başına gələn hadisə ilə bağlı ötən həftə daxili işlər naziri Ramil Usubova müraciət etmişdi.

Çingiz Əliyev bildirmişdi ki, noyabrın 13-də, səhər 9:05-9:15 radələrində ona məxsus avtomobil Səttar Bəhlulzadə küçəsinin Atatürk prospekti ilə kəsişməsində yerləşən aptekin qarşısından Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinə məxsus evakuator vasitəsilə Biləcəri qəsəbəsindəki cərimə meydançasına aparılıb: "Dərhal cərimə meydançasına getdim. Çünki yaxın adamımı xəstəxanaya aparmalı olduğumdan avtomobilə ehtiyacım var idi. Cərimə meydançasınən qapısında mənə göstərilən "budka"ya getsəm də qapının bağlı olduğunu və əlaqədar olacaq adamlardan heç kəsin orada olmadığını gördüm.

Çöldə dayanmış 40-45 yaşlı mülki geyimli kişi mənə özünün də burada işlədiyini, lakin açarı olmadığından digər işçiləri gözlədiyini dedi. Təqribən yarım saat gözlədikdən sonra daha iki nəfər 20-25 yaşlarında mülki geyimli şəxs yaxınlaşdı və qapıları açdı. Mən sənədlərimi və avtomobilin sənədlərini təqdim edərək protokolun yazılmasını, tələsdiyimə görə məni tez yola salmalarını xahiş etdim. Həmin adamlar mənə avtomobilimi "Dayanma-durma qadağandır" işarəsinin altında saxladığıma görə 40 manat cərimə, 20 manat isə evakuator xərci verməli olduğumu bildirdilər. Mən etiraz edərək qanunları bildiyimi, dayanma-durma qaydalarını pozmaya görə cərimənin 20 manat olduğunu, evakuator xərci ilə birlikdə 40 manat etdiyini bildirdim. Və nəzərlərinə çatdırdım ki, mənə yazılan protokola görə cəriməni ödəmək üçün bir ay vaxt verilməlidir.

Sakit formada, bir neçə dəfə xahiş eləsəm də bu adamlar mənə DYP əməkdaşının burada olmadığına görə protokol yaza bilməyəcəklərini, 60 manat ödəməyəcəyim təqdirdə maşını cərimə meydançasından buraxmayacaqlarını dedilər. Bir neçə dəfə onları qayda-qanuna dəvət etsəm də xeyri olmadı. Mənə xəstəxanaya tələsdiyimi nəzərə alaraq "hörmət edib" 50 manatla buraxa biləcəklərini dedilər. Çarəsiz olduğumdan 50 manat ödəməyə razılıq verdim. Ödədiyim pul müqabilində mənə heç bir qəbz verilmədi, rəsmi heç bir sənəd təqdim edilmədi. Adi bir “A4” vərəqdə yazılanlara qol çəkdirməklə kifayətləndilər. Buna görə də mən ödədiyim pulun dövlət büdcəsinə çatdığına inanmıram".

Ç.Əliyev nazirdən bu özbaşınalığın araşdırılmasına göstəriş verməyi xahiş etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 109 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...