Maştağa rayon, yaxud şəhər ola bilərmi...
Son vaxtlar Maştağa qəsəbəsinə şəhər, yaxud rayon statusunun verilməsi məsələsi gündəmə gəlib.
Bu da onunla əsaslandırılır ki, Maştağada əhalinin sayı 80 mini keçib.
Milli Məclisin Aqrar Siyasət komitəsinin sədr müavini, Sabunçu rayonunun deputatı Eldar Quliyev Modern.az-a açıqlamasında deyib ki, Maştağa qəsəbəsinə status verilməsi hələ tezdir. “Maştağaya rayon statusunun verilməsi məsələsi bu günə qədər Milli Məclisdə qaldırılmayıb. Sadəcə, qəsəbə genişlənir, əhalisinin sayı artır. Bunları nəzərə alaraq gələcəkdə Maştağaya rayon statusu verilə bilər. Amma Milli Məclisin növbəti plenar iclaslarında Maştağaya rayon statusunun verilməsi məsələsini qaldırmağı düşünmürəm. Çünki hələ təzdir. Öncə rayon mərkəzi yaradılmalı, infrastruktur inkişaf etdirilməlidir. Bu, bir-iki günün işi deyil”.
Eldar Quliyev bu barədə rəsmi müraciətlərin olmadğını deyir. “Maştağaya rayon statusunun verilməsi ilə bağlı nə cənab Prezidentə, nə Nazirlər Kabinetinə, nə də Milli Məclisə müraciətlər daxildir. Sadəcə, səslənən fikirlər məhəlli xarakteri daşıyır. Sabunçu rayonu ərazisində Maştağaya rayon statusu verilməsi məsələsi kənd ağsaqqalları tərəfindən tez-tez səslənir. Çünki 20-ci əsrin 40-50-cı illərində Maştağa müstəqil rayon olub”.
Maştağaya şəhər statusunun verilməsinə gəlincə, deputat bu məsləyə də aydınlıq gətirib. “Maştağaya şəhər statusu verilə bilməz. Çünki Bakı özü böyük şəhərdir. Bakı şəhərinə Pirallahı rayonu ilə birgə 12 rayon daxildir. Ona görə də şəhərin içində Maştağaya şəhər statusunun verilməsi doğru deyil.
Düzdür, Xırdalan şəhər statusu alıb. Amma o da Abşeron rayonu daxilindədir. Ehtiyac olarsa, Maştağaya 2-3-5 il ərzində rayon statusu verilə bilər”.
972 dəfə oxundu