“Kredit borcu olanların ailələri dağılır”
Maliyyə sahəsi üzrə ekspert, IJS Hüquq Firmasının direktoru, vəkil Əkrəm Həsənov kredit borcuna görə intihara əl atan insanların əsas problemini öz hüquqlarını bilməməsi ilə əlaqələndirib.
Vəkil Modern.az saytına bildirib ki, kredit borcunu ödəyə bilməyənlər bir çox hallarda evinin, avtomobilinin əlindən alınacağı qorxusu ilə intihara əl atır: “Bunlar doğru yanaşma deyil. Dövlət səviyyəsində, kütləvi informasiya vasitələrində, xüsusilə televiziyalarda vətəndaşlara izah edilməlidir ki, həqiqətən də borcu qaytara bilmirlərsə, onlara qarşı heç nə edə bilməzlər, yəni sən müflissən. Çətin durumda olan insanların əksəriyyəti heç intihar etmir. Elə psixoloji duruma düşür, elə gərgin olurlar ki, bütün həyatları məhv olur, ailələri dağılır. Tez-tez eşitdiyimiz intihar xəbərlərindən də çox, sadaladığım faktlar mövcuddur.
Digər əsas problem xarici valyutada götürülən borclardır. Dövlət bu sahədə tədbir görməli, vətəndaşların fevral devalvasiyası zamanı qarşılaşdığı zərəri öz üzərinə götürməlidir. Demirəm, borc tamamilə silinsin. Söhbət devalvasiya zamanı meydana çıxan 35 faiz zərərdən gedir, heç olmasa onu bağlasınlar”. Əkrəm Həsənov deyib ki, bir çox hallarda problemlə qarşılaşan insanların vəkil tutmağa vəsaitləri olmur:
“Mənə də müraciət edən insanlar çox olur. Bu zaman onlara hüquqlarını izah edirəm. Daha bir problem ondan ibarətdir ki, banklar vətəndaşların hüquqlarını açıq şəkildə pozur, amma vətəndaş bankı məhkəməyə verə bilmir, ona görə ki, hüquqşünas xidmətinə vəsaiti yoxdur. Belə insanlar həddindən artıq çoxdur. Bir neçə şəxsin müdafiəsi ödənişsiz həyata keçirilə bilər, amma belə problemlə üzləşənlərin sayı çoxdur... Təklif edirəm ki, borclular özləri birləşsin və hansısa hüquqşünas tutaraq bir neçə işi ona həvalə etsinlər. Yəni prinsip etibarilə vəkil bir məzmunlu bir neçə işə baxacaq.
Bəzən bank müştərinin borcu olduğunu iddia edir. Bir az dərinə getdikdə görürsən ki, müştəri bankın borcunu çoxdan bağlayıb. Sadəcə, müəyyən gecikməyə görə cərimə, faiz, əlavə ödəniş hesablayaraq müştərinin boynuna qoyub. Bu hallarda müştəri özü bankı məhkəməyə verməlidir”.
1 165 dəfə oxundu