Bakıdakı avtosalonlarda da maşınların qiyməti düşüb - BÖHRAN
Son günlər Bakıdakı maşın bazarında qiymətlərin kəskin şəkildə aşağı düşdüyü müşahidə edilməkdədir.
Bəs avtosalonlarda vəziyyət necədir?
Modern.az saytının əməkdaşı Bakıdakı bir neçə avto salonda olub, vəziyyətlə maraqlanıb. Babək prospektindəki işlənmiş maşınların satıldığı avtosalonun Zaur adlı satış meneceri bildirdi ki, onlarda da vəziyyət yaxşı deyil: “Son 4 ayda demək olar ki satış yoxdur. Əvvəlki vaxtla müqayisədə 70-80% müştəri qıtlığı yaşayırıq. 2015-ci il avtomobil bazarında “qara il” kimi yada qalacaq. Maşınların qiymətini aşağı salsaq da, müştəriləri cəlb edə bilmirik”.
Qeyd edək ki, bu avtosalonda ikinci əl maşınlarından “Volksvagen” markalı avtomobillər 9000, “Kia” 8500, “Mercedes” 11000 manata satılır
“Euro Style Ltd Volksvagen AG”nin Azərbaycandakı rəsmi dilerinin numayəndəsi Modern.az-açıqlamasında bildirdi ki, hazırda minik avtomobillərinin idxalında vəziyyət pisdir, tənəzzül getdikcə dərinləşir. “Orta təbəqənin maşını olan “Volksvagen”in satışı da bazara uyğun tənzimlənir. Hazırda Azərbaycanda avtomobil salonları çox çətin dövrünü yaşayır.
Əvvəlki illərdə Azərbaycana hər ay 7-8 min avtomobilin gətirildiyi halda, son aylar gətirilən avtomobillərin sayı 2 min ədədə çatmır. Bu, həm əhalinin avtomobil almadığına, həm də rəsmi distribüter və dilerlərin də müvafiq olaraq maşın sata bilmədiyinə işarədir”.
Yeri gəlmişkən, Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-oktybar aylarında 2014-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı 25 min 882 ədəd və ya 2,2 dəfə azalaraq 21 min 497 ədədə düşüb. “Euro Style Ltd Volksvagen AG”nin nümayəndəsi deyir ki, avtomobil idxalının azalması “Avro 4” standartına keçid, əhalinin gəlirlərinin azalması ilə bağlıdır. “Başqa tərəfdən isə kredit şərtlərinin sərtləşməsi ilə də bağlı ola bilər. Bildiyiniz kimi, bəzi banklar krediti dollarla verdiyi üçün əhali ümumi vəziyyəti görür və kredit götürməkdən çəkinir. Bəlkə də müştərilərimiz yeni ildə keçirləcək kampaniyalarımızı gözləyir”.
Müsahibimiz dedi ki, “Euro Style Ltd Volksvagen AG”nin avtosalonunda qiymətlər aşağı salınmayıb, amma bəzi kampaniyalar kecirirlər: “Bu kampaniyalar çərçivəsində təzə maşınları 10% endirimlə satırıq. Ən ucuz maşınınmız isə “Volksvagen”dir ki, 14900 manata satışa qoyulub”.
1 038 dəfə oxundu