Nardaranda ölənlərin cənazələri ailələrinə sabah veriləcək
Noyabrın 26-da Nardaran qəsəbəsində baş vermiş silahlı insident nəticəsində ölənlərin cənazələrinin sabah ailələrinə təhvil veriləcəyi gözlənilir.
"GUNDEMİNFO" APA-ya istinadən xəbər verir ki, bu barədə kənd sakini Mehman Məmmədov məlumat verib. O, qəsəbə sakinlərini təxribata uymamağa, heç bir qüvvənin vasitəçisinə çevrilməməyə çağırıb. Qeyd edək ki, bu gün Nardaran sakinlərinin bir qrupu qəsəbənin mərkəzi meydanını boşaltmaq barədə qərar qəbul edib. Bundan sonra qəsəbənin mərkəzində qurulmuş çadır sökülüb, sakinlərin böyük əksəriyyəti evlərinə dağılışıb.
Xatırladaq ki, hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında qeyd olunub ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat əsasında əməliyyat keçirilib.
Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb.
Hadisə nəticəsində dəstənin üzvlərindən Abbas Hüseyn, Sərvan Səfərov, Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşları ölüb. A. Hüseyn Gəncə, S. Səfərov Masallı, digər 3 nəfər isə Nardaran sakinləridir.
1 188 dəfə oxundu